Ermənistan ordusu 9 ayda 39 hərbçi itirib

A- A A+

Ermənistanda bütün sahələr üzrə özünü getdikcə daha qabarıq formada büruzə verən tənəzzül Paşinyan hakimiyyətə gəldikdən sonra bu ölkənin ordusunda da acınacaqlı durumun yaranması ilə müşayiət olunur. Orduda korrupsiya, rüşvətxorluq, özbaşınalıq geniş vüsət alıb. Ümumiyyətlə, cəmiyyətdə olan neqativ tendensiyalar ordunu da bürüyüb. Erməni ordusu maddi-texniki, şəxsi heyətlə təminat baxımından əvvəlki dövrlərlə müqayisədə indi daha ciddi çətinliklər yaşayır.

İndi Ermənistanda belə bir fikir hakimdir ki, orduda zabitlər əsgərlərə vətənin müdafiəçiləri kimi deyil, şəxsi varlanmalarını təmin edən obyekt kimi baxırlar. O da vurğulanır ki, Ermənistan Müdafiə Nazirliyi heç də bütün insidentlər haqda məlumat vermir, bəzi hadisələr gizli qalır.

Paşinyan hakimiyyəti üçün ciddi problemə çevrilən məsələlərdən biri də qeyri-döyüş şəraitində həyatını itirən əsgərlərlə bağlıdır. Belə əsgərlərin valideynləri hakimiyyətin bu məsələyə etinasızlığından cana doyduqlarını bildirir və ölkə rəhbərliyinin indiyə qədər onları aldatdıqlarını bəyan edirlər.

Təhlükəsizlik sisteminin ekspertləri işğalçı ölkənin silahlı qüvvələrində vəziyyətin həqiqətən də acınacaqlı olduğunu etiraf edirlər. Onlar hesab edirlər ki, islahatlar aparılmasa, onsuz da pis vəziyyətdə olan Ermənistan ordusu daha sürətlə tənəzzülə uğrayacaq. Hazırda isə işğalçı ölkənin silahlı qüvvələrində hökm sürən anarxiya onu uçuruma aparır. Bu gün Ermənistan ordusunda adi hala çevrilən fərarilik, ölüm, təcavüz, korrupsiya, intihar faktları onun nüfuzuna birbaşa təsirini göstərir.

Bu günlərdə Ermənistan baş prokurorluğu məlumat verib ki, cari ilin 9 ayı ərzində Ermənistan silahlı qüvvələrinin 39 hərbçisi ölüb. İşğalçı ölkədə 16 hərbçi xidmət zamanı, 23 hərbi qulluqçu isə qeyri-müəyyən şəraitdə dünyasını dəyişib. Belə faktların çoxluğu fonunda aydın görünür ki, ölkədə ordunun çöküşü əvvəlki dinamika ilə davam edir.

Bunu hətta müvafiq rəsmi dairələr də təsdiqləyir. Ermənistanın hərbi prokuroru Vaqe Arutyunyan 2018-ci ildə hüquq mühafizə orqanlarının silahlı qüvvələrdə cinayətkarlıqla mübarizə üzrə hesabatını təqdim edərkən qeyd olunan xüsusda çox maraqlı məqamlar açıqlamışdı. Belə ki, ötən il Ermənistan silahlı qüvvələrində 3525 fövqəladə hadisə qeydə alınmışdı ki, onlardan 2385-i (66,9 faizi) qanun pozuntusu, 1140-ı (36,2 faizi) isə cinayətdir.

Ermənistan mediası isə xidmət zamanı intihar edən, qaçan hərbçilərin ailələrinə təzyiq olunduğunu bildirir. Ölənlərə aid qeydiyyat kitabçalarının, şəxsi gündəliklərin yoxa çıxması da adi hala çevrilib. Hesab edilir ki, hakimiyyəti bu addımı atmağa Ermənistan ordusu haqqında bir çox həqiqətlərin üzə çıxa bilmək xofu vadar edir. Rəhbərlik orduya korrupsiya mənbəyi kimi baxdığından hərbi qulluqçuların nizam-intizamı, mənəvi-psixoloji, maddi və fiziki vəziyyəti ötən illərə nisbətən daha da pisləşir.

Döyüş itkilərindən əlavə, Ermənistan ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvət, korrupsiya, intihar, təcavüz və digər nizamnamədənkənar halların sayı dəfələrlə artıb. Əvvəlki kimi, erməni ordusu daxildə çox ciddi qütbləşməyə məruzdur, qarabağlı-yerevanlı məsələsi bu silahlı qüvvələrin durumunu daha da ağırlaşdırır. Komandirlər tərəfindən hərbi hissələrdən hərbi qulluqçuların qanunsuz yolla pul müqabilində ay ərzində hərbi hissədən kənara buraxılma halları hələ də davam etməkdədir.

Müstəqil rəsmi mənbələr də cinayət və ölüm hallarının artması, korrupsiyanın səviyyəsinin yüksək olması qənaətindədirlər. Məsələn, bir müddət əvvəl Ermənistan xüsusi istintaq xidməti sabiq müdafiə nazirinin müavini, "Yerkrapa” könüllü döyüşçülər təşkilatının rəhbəri general Manvel Qriqoryanın milyonlarla dollar mənimsədiyini üzə çıxarmışdı. Açılan cinayət işi çərçivəsində aparılan ilkin istintaq nəticəsində əldə olunan faktlar üzrə Qriqoryan külli miqdarda silah və döyüş sursatının qanunsuz saxlanılmasında, 1 milyard 228 milyon dram məbləğində vergidən yayınmada, 101 milyon 232 min dəyərində əmlakın və dövlətin 1 milyard 225 milyon dram vəsaitini qanunsuz şəkildə mənimsəməkdə, həmçinin şantaj yolu ilə 37 milyon 101 min dəyərində mülkiyyətə sahiblənməkdə ittiham olunur.

Bütün bunlar təsdiq edir ki, işğalçı ölkənin ordusunun çöküşü sürətlə davam edir.

 

Elçin Cəfərov

"Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: