Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı ilbəil möhkəmlənir

A- A A+

Türkiyə Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü tamam olur.

1919-cu ildə başlayaraq Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurtuluş savaşı aparan türk ordusu ölkəni işğal etmiş düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci ilin avqustunda böyük zəfər qazandı. Bu zəfərin qazanılmasında türk xalqı ilə yanaşı, Azərbaycan xalqı da iştirak etmiş, şəhidlər vermişdir. 1923-cü il oktyabrın 29-da isə müstəqil Türkiyə Respublikasının yaradılması bütün dünyaya bəyan edildi.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Türkiyə ilə Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıbdır”.

Bu gün Azərbaycan-Türkiyə əməkdaşlığı ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır, bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP  və TAP kimi böyük layihələr Azərbaycan və Türkiyənin dünyada söz sahibi olmasına imkan yaradıb.   

Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə - 1992-ci il martın 24-də Türkiyəyə ilk rəsmi səfəri zamanı “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” imzalanmışdır. Bu səfərin nəticələri uğurlu olmuş, 1992-ci ilin 28 mayında Sədərək-Dilucu körpüsü istifadəyə verilmişdir.

Bu gün ölkələrimiz arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri vardır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında iqtisadi-ticarət, təhsil, səhiyyə, turizm, mədəniyyət, ordu quruculuğu və nəqliyyat sahələrində əlaqələr uğurla inkişaf etdirilir. Hazırda Naxçıvandan İstanbul, Ankara, Bursa, Antalya, İzmir, Qars və İqdır şəhərlərinə avtobus marşrutları işləyir, İstanbul-Naxçıvan-İstanbul təyyarə reysləri həyata keçirilir. Həmçinin bu il avqustun 15-də Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa hava dəhlizi açılmışdır. Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması, eləcə də Sədərək Gömrük Keçid Məntəqəsi üçün yeni kompleksin tikintisi əlaqələrimizi daha da genişləndirəcəkdir.

Naxçıvan Muxtar Respublikasında Türkiyəyə məxsus sahibkarlıq subyektləri fəaliyyət göstərir. Muxtar respublikanın ali təhsil ocaqlarında yüzlərlə Türkiyə vətəndaşı müxtəlif ixtisaslar üzrə təhsil alırlar. 2017-ci ildə Türkiyə hökumətinin qəbul etdiyi yeni tənzimləmə qərarına əsasən Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinin Türkiyəyə məhsul ixracına güzəştlərin tətbiq olunması və muxtar respublikaya sərbəst ticarət imkanı yaradılması, eləcə də bu il Naxçıvan Muxtar Respublikasının İqdır Ticarət Evinin istifadəyə verilməsi ikitərəfli münasibətlərin uğurlu nəticəsidir.

Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında hərbi sahədəki əməkdaşlığın səviyyəsi də məmnunluq doğurur. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən bu ilin iyun ayında Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimləri keçirilmişdir. Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərində iştirak etmək üçün muxtar respublikaya səfərə gəlmişdir.

Soy-kök, milli və ortaq dəyərlərə əsaslanan Azərbaycan-Türkiyə əlaqələri böyük perspektivə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: "Bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri regionda əmin-amanlığın və sabitliyin qorunmasına mühüm töhfədir. Qarşılıqlı faydalı əməkdaşlıq, həyata keçirilən birgə layihələr strateji tərəfdaşlığımızı daha da möhkəmləndirir".

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: