ABŞ Azərbaycanlıları Şəbəkəsi Qarabağdakı qondarma rejimin nümayəndəsinin Vaşinqtona səfərinə etiraz olaraq kampaniya keçirib
Özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Masis Mailyan bu gün ABŞ-ın paytaxtı Vaşinqtona səfər edəcək. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Masis Mailyan Ermənistanın və erməni lobbisinin səyləri nəticəsində baş tutan səfəri zamanı ABŞ Konqresinin Reybörn binasında separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalına dəstək qazanmaq məqsədi daşıyan tədbir keçirəcək.
Ermənistanın ABŞ-dakı səfirliyi, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin ABŞ nümayəndəliyi, Amerika Erməni Assambleyası, öz büdcəsini Birləşmiş Ştatların erməni icmasının hesabına dolduran Amerika Erməni Milli Komitəsi tərəfindən təşkil edilmiş tədbirə ermənipərəst qanunvericilər də dəvət olunub.
NUHÇIXAN xəbər verir ki, ABŞ Azərbaycanlıları Şəbəkəsi ABŞ qanunvericilərini Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırmaq üçün yazılı kampaniyaya başlayıb. Kampaniya çərçivəsində ABŞ konqresmenlərinə və senatorlarına, yerli media qurumlarına və Dövlət Departamentinə ünvanlanan məktublarda Ermənistanın qeyri-müstəqil siyasət yürütməsi, bu ölkənin Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qondarma qurumun kriminal və qeyri-legitim olması, Yerevanın ABŞ-ın milli maraqlarına zidd fəaliyyəti, habelə BMT-nin Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 822, 853, 874 və 884 nömrəli qətnamələri barədə məlumat verilir.
Qeyd olunur ki, Masis Mayilan 1988-1994-cü illərdə erməni separatçılarının azərbaycanlılara qarşı başlatdığı etnik təmizləmə kampaniyasını həyata keçirən hərbi canilərdən ibarət qrupu təmsil edir. O, bir milyona yaxın azərbaycanlı qaçqının və məcburi köçkünün Azərbaycanın Qarabağ bölgəsindəki evlərinə qayıtmasına mane olanlardan biridir.
Müraciətdə, həmçinin qeyd edilir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzün nəzərə alınmaması həm də ABŞ-ın milli maraqlarına ziddir.