Ermənistanda siyasi terror güclənir

A- A A+

Ermənistanda cərəyan edən son hadisələr bu ölkənin sosial-iqtisadi sahəsində olduğu kimi, siyasi həyatında da problemlərin artdığından xəbər verir. Belə görünür ki, Paşinyan hakimiyyəti ilə sabiq iqtidar təmsilçiləri arasında kəskinləşən qarşıdurma ölkədə yeni xaosun formalaşmasına zəmin yaradır, ictimai-siyasi proseslərin daha gərgin mərhələyə qədəm qoyduğunu göstərir.

Bu da ondan irəli gəlir ki, Robert Koçaryana və Serj Sarkisyana yaxın olan keçmiş hakimiyyət təmsilçiləri tədricən sıradan çıxarılır.

Ötən ay Ermənistanın sabiq nəqliyyat və rabitə naziri Qurgen Sarkisyanın da həbs olunması əsas gündəm mövzularından birinə çevrilmişdi. Yerli mətbuatın verdiyi xəbərə görə, sabiq nazir "Şimal-Cənub Nəqliyyat Dəhlizi” proqramının hazırlanması və həyata keçirilməsində sui-istifadə hallarına yol verilməsinə dair Ermənistan İstintaq Komitəsinin müvafiq idarəsi tərəfindən aparılan araşdırma nəticəsində həbs edilib.

Xatırladaq ki, daha əvvəl məhkəmə girov müqabilində Qurgen Sarkisyana qarşı həbs qətimkan tədbiri seçməkdən imtina edərək onu sərbəst buraxmışdı. Bu günlərdə isə Apelyasiya Məhkəməsi prokurorluğun şikayətini təmin edib Sarkisyan barəsində həbs qərarı çıxarb.

Ermənistanın parlament aparatı rəhbərinin keçmiş müavini Arsen Babayana qarşı da ittiham irəli sürülüb.

İttihama əsasən, Babayan 2018-ci ildə parlament aparatı rəhbərinin müavininin səlahiyyətlərini müvəqqəti icra edərkən bir qrup vəzifəli şəxsə Ermənistanın Konstitusiya Məhkəməsinin səlahiyyətlərini mənimsəməkdə kömək göstərib.

Ermənistanda hökumətin siyasi motivli həbslərinə qarşı ictimai etirazlar artır. İşğalçı ölkənin söz azadlığının qorunması komitəsinin sədri Aşot Melkonyan mətbuata verdiyi açıqlamasında bildirib ki, Paşinyan hökuməti üçün "münasib olmayan şəxslərdən biri - parlament aparatının sabiq sədri Arsen Babayanın həbs olunması siyasi motivlidir. Hüquqşünaslar, hüquq müdafiəçiləri də bunu təsdiq edirlər. Melkonyanın sözlərinə görə, "məxməri inqilab”dan sonra göstərişlə həyata keçirilən həbslər ölkədə söz və ifadə azadlığının pozulmasıdır, çünki hökumət yadfikirli insanlara qarşı hədsiz dözümsüzlük nümayiş etdirir.

Hüquq mühafizə orqanlarının "Yerevan today” qəzetinin redaksiyasında axtarış aparmalarına və oradakı texnikanı müsadirə etmələrinə şərh verən Melkonyan bildirib ki, son on ildə ölkə tarixində mətbuat azadlığının bu cür kobud pozulması halı baş verməyib: "Ermənistanın hüquq müdafiəçiləri bu faktla bağlı İstintaq Komitəsinə sorğu göndəriblər və biz hakimiyyətdən məsələyə münasibət bildirməsini tələb edirik. Bundan əvvəl hüquq mühafizə orqanlarından verilən cavabda heç bir konkret fakt göstərilmir və bu, KİV-ə təzyiq kimi qiymətləndirilməlidir”.

Paşinyan hökuməti Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan və onun ailə üzvlərinə qarşı təqibi də davam etdirir. Jurnalist Anjela Tovmasyanın ofisinə basqından sonra hüquq mühafizə orqanları məhkəmə sədrinin müavinlərinə qarşı saxtakarlıq maddəsi ilə ittiham irəli sürüblər. Digər tərəfdən, hökumət sabiq prezident Robert Koçaryana qarşı ifadə verməkdən imtina edən Dövlət Mühafizə Xidmətinin rəisi Qriqori Ayrapetovu da işdən çıxarıb. Onun barəsində də cinayət işinin açılacağı istisna olunmur.

Ermənistanda bütün sahələrdə xüsusilə, orduda tüğyan edən özbaşınalıq da işğalçı ölkədə ciddi narazılıqla qarşılanır. 20 yaşlı əsgər Yurik Broyanı xidmət etdiyi hərbi hissənin 3 zabiti döyüb, qanunsuz olaraq azadlıqdan mərhum edərək qapalı yerdə saxlayıb. Nəhayət 1 illik mübarizədən sonra hərbi tibbi həkim komissiyası xəstəliklərdən əziyyət çəkən yezidi əsgəri hərbi xidmətdən tərxis etmək barədə qərar qəbul edib. Üstəlik Yuri Broyanla bağlı baş verən hadisə bundan sonra əqli çatışmazlığı olan erməni gənclərin orduya çağırılmasını qadağan edən qanun layihəsinin qəbul olunmasını gündəmə gətirib. "İnsan haqları naminə jurnalistlər” ictimai birliyi Yurik Broyanla bağlı hadisələrin inkişaf prosesini diqqət mərkəzində saxlayıb. Vəkil Hayarpi Sarkisyan isə hələ də Yurik Broyana qarşı məhkəmə prosesi başa çatmadığına görə onun hüquqlarını müdafiə etməyə davam edir.

Məsələ burasındadır ki, hərbi prokurorluğun 3-cü qarnizon müstəntiqləri hərbi xidmətdə olarkən Yurik Broyanın döyülməsi ilə bağlı cinayət işinin istintaqına səthi yanaşıblar. Xatırladaq ki, hərbi xidmətə başladığı ilk günlərdən "Bad” (ördək) ləqəbli tabor komandiri Armen Harutyunyan erməni ordusunun yezidi mənşəli əsgəri Yurik Broyanı zorakılığa məruz qoyaraq döyüb.

Ermənistanın 2020-ci il hərbi büdcəsi ilə bağlı hökumətin verdiyi açıqlamalar da narazılıqla qarşılanıb. Ermənistanın "Milli Gündəm” partiyasının siyasi şurası Ermənistanın 2020-ci il dövlət büdcəsi lahiyəsinin müdafiə xərcləri haqqında bəyanat yayıb. Bəyanatda deyilir ki, 2019-cu ilin 30 sentyabrında Ermənistan hökuməti 2020-ci ilin dövlət büdcəsi lahiyəsini qəbul edib: "Dövlət büdcəsində hərbi müdafiə xərclərinin payının 2019-cu il üçün 18,2 faizdən 2020-ci il üçün 16,1 faizə qədər azaldılması planlaşdırılır. Bunun əvəzinə isə digər çoxsaylı xərclər artırılır.

Oktyabrın 18-də Azərbaycan Maliyyə Nazirliyi Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsi lahiyəsini açıqlayarkən ümumi büdcə xərclərindən artımın 1,7 faiz olmasına baxmayaraq, müdafiə xərclərinin 20,9 faiz artırılaraq illik 2,267 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulur.

Ermənistan hökuməti tərəfindən müdafiə xərclərinin dondurulması ən azı çaşqınlıq yaradır və bu, erməni tərəfi üçün əlverişsiz hərbi-texniki balansın daha da pisləşməsinə səbəb ola bilər”.

Bütün bunlar Ermənistanı qarşıdakı dövrdə daha çətin günlər gözlədiyindən xəbər verir.

 

Elçin Cəfərov

"Azərbaycan”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: