Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ-a səfər etməsi ilə əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri Örl Litsenberqer Xarici İşlər Nazirliyinə çağırılıb və etiraz notası təqdim edilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN-a bildirilib ki, notada ABŞ tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən səfər edən qondarma qurumun nümayəndələrinə viza verilməsinə etiraz edilib və bunun Ermənistan-Azərbaycan münaqişəsi üzrə sülh prosesinə zərbə vurduğu qeyd olunub. Vurğulanıb ki, bu kimi səfərlərə icazə verilməsi ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəlikləri, eləcə də dövlətlərin suverenliyinə hörmət, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn təməl prinsipləri ilə ziddiyyət təşkil edir.
Xarici İşlər Nazirliyi, beynəlxalq birliyin mühüm və cavabdeh üzvü kimi ABŞ-ın BMT Nizamnaməsində təsbit olunmuş prinsipləri qəti dəstəkləyərək, Ermənistan-Azərbaycan münaqişəsi üzrə BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum qətnamələrinin yerinə yetirilməsinə mühüm töhfə verəcəyini və münaqişənin həlli prosesinə mənfi təsir edəcək hər hansı addımdan çəkinəcəyini gözlədiyini ABŞ tərəfinin diqqətinə çatdırıb.
Səfir Ö.Litzenberqer ABŞ Konqresinin bəzi üzvləri tərəfindən Dağlıq Qarabağdan səfər edən şəxslərin Vaşınqtonda qəbul edildiklərindən xəbərdar olduqlarını bildirərək, ABŞ-ın ATƏT-in Minsk Qrupu prosesini dəstəklədiyini və ABŞ-ın Dağlıq Qarabağdakı rejimi tanımadığını vurğulayıb.