İğdırlı jurnalistin Naxçıvan təəssüratları - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, ötən günlərdə jurnalist, Türkiyənin İğdır şəhərində çıxan “Yaşıl İğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş Naxçıvanda olub və səfəri ilə bağlı “Sizə salam gətmirmişəm” başlıqlı yazı hazırlayıb. “15 temmuz” və “Yaşıl İğdır” qəzetində nəşr olunan yazıda müəllif əvvəlcə “Duzdağ” oteldə Türkiyə Cumhuriyyətinin yaranmasının 96-cı il dönümünün Türkiyə Konsulluğunun təşkilatçılığı ilə qeyd olunduğu və tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovla görüşdüyünü, onun iğdırlılara salam söylədiyini qeyd edir.
Cabbar Şıktaş Naxçıvanı 1991-çi ildən tanıyır və buna görə də onun bu günü ilə ötən illərini əhatəli şəkildə müqayisə edir. İndi tamamilə başqa bir Naxçıvan gördüyünü və bunun üçün ümummilli lider Heydər Əliyev və onun ən yaxşı yetirmələri sayılan Ölkə başçısı İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun zəhmətinin olduğunu vurğulayır.
“Naxçıvan Ulu öndərin amalına sadiq bir şəkildə idarə edilir, indi həm Azərbaycan, həm də Naxçıvanın taleyi əmin əllərdədir...İndi Naxçıvanda diqqətdən kənarda heç bir yer qalmayıb. Ən ucqar yerlərə qədər dövlətin bütün imkanları səfərbər edilib”.
Batabatı, Əshabi-kəfi, Əlincə qalasını, Duzdağı, bir sözlə Naxçıvanın hər yerini gəzən müəllif qısa bir vaxta bu qədər geniş ərazidə baş verən intibahı təqdir edir. Heyranlığını gizlədə bilməyən türkiyəli jurnalist Naxçıvanın ən ucqar kəndində şəhər mərkəzinə bərabər infrastruktur yaradıldığını diqqətə çatdırır. Cabbar Sıktaş yol kənarında səliqə ilə salınmış meyvə bağlarını, təbiətin birmənalı şəkildə qorunduğunu və yolların təmizliyini diqqətə çatdırır. Jurnalistin diqqətindən yayınmayan daha bir məqam isə ən uzaq və ucqar kəndlərə belə qaz xətlərinin çəkilməsi və yola yaxın kənd evlərinin dövlət tərəfindən yenidən müasir şəkildə qurulmasıdır.
Cabbar Şıktaş Naxçıvanın sürətlə və mükəmməl şəkildə inkişaf edən iqtisadiyyatı və turizm potensialını qonşu dövlətlər üçün nümunə göstərir.
Yazıda muxtar respublikanın tarixi, coğrafi abidələrinə böyük marağın və turist axının olduğu xüsusilə vurğulanır.