Ermənistanda ictimai fikir get-gedə baş nazir Nikol Paşinyanın əleyhinə çevrilir. Onu xalqın keçmiş hakimiyyətə qarşı etiraz dalğası üzərində baş nazir postuna gələrkən verdiyi vədləri yerinə yetirməməkdə, ölkəni lazımınca idarə etmək əvəzinə, şəxsi ambisiyalarını həyata keçirməkdə, ölkə həyatının heç bir sahəsində irəliləyişə nail olmamaqda, əksinə, xalqın güzəranının daha da pisləşməsində ittiham edirlər. Bütün bunlar bir tərəfdən Paşinyan hökumətinə qarşı etimadsızlığın artmasına, digər tərəfdən, ölkədə narazılığın pik həddə çatmasına səbəb olur. Son nəticə isə Paşinyanın ölkə ictimaiyyəti qarşısında nüfuzunu itirməsi olur.
Artıq bunu səbatsız və səriştəsiz baş nazirin özü də etiraf etmək zorunda qalıb. Bu günlərdə “Yerkramas” informasiya agentliyi onun bu barədəki şikayətlərini dərc edib. Paşinyan deyib ki, ölkədəki bütün neqativ hallara görə onu ittiham edirlər: “Əvvəlcə məni və bizim hökuməti Qarabağı satmaqda ittiham edirdilər. Sonra belə bir tezis ortaya atıldı ki, guya, mən Qarabağ əleyhinə fəaliyyətlə məşğulam, planlaşdırılmış müharibə nəticəsində Qarabağı təhvil verəcəyəm. Bu tezis parlament seçkiləri zamanı dövriyyəyə buraxıldı. İndi isə başqa tezislə çıxış edirlər, guya hökumət və şəxsən baş nazir olaraq mən güzəştə getmirik, bu isə o deməkdir ki, danışıqlar dalana dirənib. Artıq xalqı müharibə ilə qorxudurlar, bu mövzu ətrafında təbliğat aparılır”.
Bütün bunlar göstərir ki, Paşinyan laxlamış hakimiyyətini qorumaq üçün xalqın gözündə özünə haqq qazandırmaq istəyir. Üstəlik, bu zaman əsas vurğunu Qarabağ problemi üzərinə qoyur, ölkə daxilindəki sosial-iqtisadi problemlərdən, xalqın güzəranının pisləşməsindən, əsgər və şəhid analarının ölkəni bürümüş etirazlarından, ümumiyyətlə danışmır. Bu isə Paşinyanın da, özündən əvvəlki hakimiyyət kimi, xalqın başını Qarabağ problemi ilə qatmaq istədiyini göstərir. O, hətta özünü xalqa əsl qəhrəman kimi təqdim edir: görürsünüzmü, mən Qarabağı vermirəm...
Amma Qarabağ problemi ilə bağlı əsas zərbələri Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevdən alır. Azərbaycan lideri ona Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında ikinci ağır zərbəsini vurdu. Azərbaycan Prezidenti Ermənistanda faşizmin qəhrəmanlaşdırılması ilə bağlı cəsarətli fikirlərini irəli sürərək bəyan etdi ki, Yerevanın mərkəzində faşist cəlladı və satqın Qaregin Njdeyə təxminən 6 metr hündürlüyündə heykəl qoyulub. Bu satqın vaxtilə alman faşistlərinə xidmət etmiş, hətta SSRİ vətəndaşlarına arxadan zərbə vurmuş, əli minlərlə günahsız insanın qanına batmış Qaregin Ter-Arutyunyandır. Hətta MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etiraz bildirib. Amma yeni hakimiyyət də bu faşist cəlladının heykəlini götürməyib. Prezident İlham Əliyevin bu fikirləri Ermənistanda faşist ideologiyasının dövlət siyasəti səviyyəsinə qaldırıldığına bariz nümunədir. Maraqlıdır ki, bu zərbə Ermənistanın küçədən gəlmiş baş nazirinə hələ Valday zərbəsindən özünə gəlməmiş dəydi.
Digər tərəfdən, erməni xalqı, xüsusən əsgər anaları gənc övladlarının Qarabağ cəbhəsində ölməsini istəmirlər. Bununla belə, Paşinyan da Ermənistanın əvvəlki rəhbərləri kimi, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə mane olur. Üstəlik, o, “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanat verməkdən də çəkinmir.
Azərbaycan Prezidenti İlham Əliyev Valday sammitində “Qarabağ Azərbaycandır və nida işarəsi“ deməklə Paşinyanın bütün xarici siyasətini alt-üst etmiş oldu. Artıq bunu erməni cəmiyyəti də etiraf edir. Ermənistan mediası sammitdən sonra ölkənin ayrı-ayrı ictimai-siyasi xadimlərinə istinadla Paşinyanı bu məğlubiyyətə görə ciddi tənqid atəşinə tutdu. Digər tərəfdən, istər Rusiya, istərsə də beynəlxalq ictimaiyyət anladı ki, Azərbaycan Qarabağ məsələsində milli maraqlarından geri çəkilən, tarixi torpaqlarını heç kəsə güzəştə gedən deyil.
Prezident İlham Əliyev Türk Şurasının Bakı sammitində də Azərbaycanın tarixi torpaqlarını itirmək kimi ağır və faciəli problemlə qarşılaşdığını qardaş ölkələrin diqqətinə çatdırdı, keçən əsrin əvvəllərindən başlayaraq Azərbaycanın ərazi itkisinə uğradığını qeyd etdi: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir”.
Dövlət başçısı Ermənistanın destruktiv siyasəti üzündən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində irəliləyiş olmadığını qeyd etdi.
Valday görüşündə özünün kəskin mövqeyini dünyaya bəyan edən Azərbaycan Prezidenti Türk Şurasının toplantısında bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Zirvə görüşünün yekun bəyanatında da dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olundu.
Qoşulmama Hərəkatının Bakıda keçirilmiş XVIII Zirvə Görüşündə də Ermənistanın təcavüzü məsələsi yetərincə qabardıldı. Prezident İlham Əliyev müxtəlif ölkələrdən gəlmiş dövlət və hökumət başçılarının, XİN rəhbərlərinin və digər nümayəndələrin nəzərinə çatdırdı ki, Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon – ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirilib. Mindən çox insan itkin düşüb.
Xocalı soyqırımını dünyanın 10-dan çox ölkəsi tanıyıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Təəssüf ki, həmin qətnamələr indiyədək kağız üzərində qalır.
Qoşulmama Hərəkatının Zirvə Görüşündə qəbul edilmiş yekun sənəddə Ermənistan işğalçı dövlət kimi tanınıb və Azərbaycanın ərazi bütövlüyünə ciddi dəstək ifadə olunub. Hərəkatın Azərbaycana dəstək verməsi Ermənistanda əməlli-başlı narahatlıq yaradıb. Paşinyan hökuməti, Ermənistan XİN həyasızcasına Qoşulmama Hərəkatına üzv ölkələri məsuliyyətsizlikdə və hörmətsiz davranışda suçlayıb. Amma bu, nəticəni dəyişmir, Ermənistan təcavüzkar dövlət olaraq qalır. Bütün bunlar Paşinyanın imicinə güclü zərbədir və erməni cəmiyyətində ona qarşı etimadsızlığı daha da artırır.
Paşa Əmircanov
“Xalq qəzeti”