Noyabrın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, əvvəlcə Komissiyanın oktyabrın 31-də keçirilmiş iclasının protokolu təsdiq olunub.
Sonra 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanma qaydası ilə bağlı məsələyə baxılıb. Qeyd edək ki, bildirişdə seçicinin adı, özünün və səs verəcəyi seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, həmçinin səsvermə qaydaları ətraflı şəkildə əks olunur. Komissiya üzvlərinin müzakirəsindən sonra səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair 5020287 (beş milyon iyirmi min iki yüz səksən yeddi) bildirişin mətbəə üsulu ilə hazırlanmasına qərar verilib.
Komissiyanın iclasında bələdiyyə seçkiləri ilə əlaqədar Azərbaycan Sosial Demokrat Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə də baxılıb və həmin partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunub və cari məsələlərə baxılıb.