Azərbaycan ilə Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlıq genişlənir - FOTOLAR
Dövlət Miqrasiya Xidmətində ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Daxili İşlər nazirinin müavini İsmail Çataklının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
DMX-dən NUHÇIXAN-a bildiriblər ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun və Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbovun iştirakı ilə keçirilən görüşdə Azərbaycanın turizm baxımından cəlbediciliyinin artırılması, əcnəbilərin rahatlığının və bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə miqrasiya qanunvericiliyinin sadələşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər vurğulanıb. Qeyd edilib ki, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə vətəndaşlarına viza tələbinin ləğvi iki ölkə arasında qarşılıqlı münasibətlərin daha da güclənməsinə xidmət edir.
Türkiyə Respublikasının Daxili İşlər nazirinin müavini İsmail Çataklı Azərbaycan və Türkiyə vətəndaşlarının hüquq və vəzifələrinin tam təmin olunmasında bu cür birgə layihələrin həyata keçirilməsinin, eləcə də miqrasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüşdə gələcəkdə iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.