Azərbaycan XİN Zöhrab Mnatsakanyanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikirlərinə münasibət bildirib
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva erməni Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın İsveçin Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı KİV-in sualını cavablandıran mətbuat katibi deyib: “Əslində, Ermənistan Xarici İşlər naziri yeni heç bir fikir söyləməyib: Beynəlxalq səviyyədə işğalçı kimi tanınan bir ölkə rəsmisinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsindəki ərazilərini güya ki, özünün işğal etməsi barədə eyni əsassız iddiaları. Məsələnin beynəlxalq hüquqi tərəfini bir kənara qoyaq, bu, heç normal düşüncə çərçivəsinə belə sığmır. Təsəvvür edin, bir ölkə qanunsuz şəkildə digər ölkənin ərazilərini işğal edir, bu ərazilərdə tarixən yaşayan yerli azərbaycanlıları etnik təmizləməyə məruz qoyur, sonra da iddia edir ki, “bu ərazilərdə yaşayan 150.000 erməninin təhlükəsizlik problemi var”. Bu ermənilərin ailələri, evləri, adları olduğunu səsləndirən erməni naziri görəsən öz ölkəsinin təcavüzkar siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlının evlərindən məhrum olduğunu, ailələrinin param-parça edildiyini, adlarının məcburi-köçkün və qaçqına çevrildiyini heç düşünübmü? Əlbəttə yox, əgər düşünsəydi bu kimi cəfəng fikirlərlə özünü və xalqını aldatmazdı və münaqişənin həlli istiqamətində real addımlar atılardı. Mnatsakanyan anlamalıdır ki, onun dediyi kimi bizim və ya sizin həqiqət olmur; həqiqət birdir və bu həqiqət dünya ictimaiyyətinə çox yaxşı bəllidir. Sadəcə mövcud həqiqətləri saxtalaşdıraraq onu öz maraqları naminə müxtəlif şəkillərdə təqdim etmək təcrübəsi də mövcuddur ki, bunu da ən yaxşı Ermənistan bacarır”.