Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə MDB-nin bütün ölkələrindən nümayəndələr iştirak ediblər.
İclasda psixiatriya, onkologiya, endokrinologiya, reproduktiv sağlamlıq, stomatologiya sahələrində əməkdaşlıq məsələləri, MDB ölkələri əhalisinin əmək, məşğulluq və sosial müdafiəsi üzrə Məsləhət Şurası ilə Dünya Səhiyyə Təşkilatının (DST) Avropa regionu dövlətləri arasında əmək şəraitinin qiymətləndirilməsi üzrə birgə fəaliyyət, DST Avropa regionunda qaçqınların və miqrantların sağlamlığı ilə bağlı iş planı, 2020-ci il üçün QİÇS üzrə BMT qərarlarının yerinə yetirilməsi problemləri müzakirə olunub.
Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi naziri Nasim Olimzoda iclasda bildirib ki, Tacikistan MDB ölkələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinin tərəfdarıdır.
İclasda MDB ölkələrində səhiyyənin vəziyyəti müzakirə edilməklə yanaşı, vahid qaydalar əsasında vətəndaşların qonşu respublikalarda səhiyyə yardımı almaq imkanları da araşdırılıb.
Tədbirdə 2019-cu ildə Şurada Tacikistanın sədrlik fəaliyyətinə qiymət verilib, 2020-ci il üçün tədbirlər planı müzakirə edilib.