ABŞ-ın paytaxtında Dövlət Bayrağı Günü qeyd olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdləri 9 Noyabr - Dövlət Bayrağı Gününü qeyd ediblər. İlk olaraq şagirdlər Azərbaycanın dövlət himnini oxuyublar. Daha sonra məktəb müəllimləri bayrağımız ilə bağlı uşaqlara ətraflı məlumat veriblər və dövlətçiliyimizin simvolu olan üçrəngli bayrağın əhəmiyyəti uşaqlarla müzakirə olunub. Bundan əlavə, şagirdlər Azərbaycan bayrağı ilə bağlı videoçarxlar izləyib və Azərbaycan rəqsləri nümayiş etdiriblər.
Qeyd edək ki, Azərbaycan Məktəbi 2017-ci ilin fevralında təsis edilib. Ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdindəki Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərir. Əsasən Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqların cəlb olunduğu məktəbdə milli dəyərlərimiz aşılanır, Azərbaycan dili dərsləri keçirilir və milli bayramları birlikdə qeyd etmək imkanı yaradılır. 2018-2019-cu il tədris ili ərzində şagirdlər 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il, Novruz bayramı ilə əlaqədar tədbirlərlə yanaşı, Səfirlik və Ticarət Palatasında təşkil olunan müxtəlif tədbirlərdə, Dünya Bankında təşkil edilən Novruz bayramında, "Culturfied” Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Uşaq Festivalında çıxış ediblər.