Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib - FOTOLAR
Noyabrın 16-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də videobağlantı vasitəsilə cəlb olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən əməliyyat təliminin nəticələrini təhlil edən Müdafiə naziri qarşıya qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyini bildirib, komandir heyətinin qoşunları idarə etmək bacarığını, ümumilikdə hərbi qulluqçuların peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib.
Nazir təlimin əhəmiyyətini qeyd edərək, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb, döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə müxtəlif səviyyələrdə təlim və məşqlərin sayının və səmərəliliyinin artırılmasını əmr edib.
General-polkovnik Z.Həsənov ön xətdə yerləşən bölmələrin döyüş hazırlığı, müdafiə sisteminin hərtərəfli təminatı, döyüş növbətçiliyinin və qoşunların döyüş qabiliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar müvafiq göstəriş verib.
Müşavirədə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi işinin real faktlardan istifadə edərək qəhrəmanlıq nümunələrinə əsaslanmaqla həyata keçirilməsinin, hərbi qulluqçuların Vətənə, dövlətə və Ali Baş Komandana misilsiz sədaqət ruhunda tərbiyə olunmasının vacibliyi qeyd olunub.