Ermənistanda Paşinyana etimad azalıb
Sosial-iqtisadi göstəricilər pisləşib, ölkədən kütləvi köç azalmayıb, xarici borc artıb
Ermənistanda Nikol Paşinyan hakimiyyətinin sosial-iqtisadi müstəvidə verdiyi vədləri yerinə yetirə bilməməsi artıq yeni iqtidara xalqın etimadının itdiyini üzə çıxarır. Sosial-iqtisadi sahədə yaşanan problemlərin getdikcə dərinləşməsi işğalçı ölkədə əhalinin narazılığının əvvəlki kimi yüksək həddə olması ilə müşayiət edilir. Bütün bunların fonunda isə Paşinyanın reytinqi getdikcə aşağı düşür.
Aparılan müstəqil sorğulara görə, baş nazirə etimad azalmaqda davam edir. Hakimiyyətdə olduğu ötən müddət ərzində ölkənin makroiqtisadi göstəriciləri, əhalinin güzəranı yaxşılaşmayıb. Sosial-iqtisadi göstəricilər daha da pisləşib, ölkədən kütləvi köç azalmayıb, xarici borclar artıb, Ermənistana böyük sərmayə yatırımına nail olunmayıb.
Elə işğalçı ölkənin iqtisadiyyatında əsas iş göstəricilərini qiymətləndirən Dünya Bankının son hesabatına diqqət çəkmək kifayətdir. Hesabatda ötən il 41-ci yerdə göstərilən Ermənistan bu il 47-ci yerə qədər yuvarlanıb. Bu, sərmayələrin cəlb edilməsi və yeni müəssisələrin yaradılması baxımından ölkədə heç bir iş görülmədiyini təsdiq edir.
Bildirilir ki, ölkədə büdcə kəsirinin aradan qaldırılması məqsədi ilə Dünya Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumları ilə danışıq davam edir və ilin sonunadək təxminən 150 milyon dollar həcmində kreditin alınması planlaşdırılır.
Yeni iqtidar mütəmadi olaraq daxili istifadə üçün gizli sorğular keçirir. Yerli medianın yazdığına görə, bir neçə gün əvvəl Paşinyana yeni bir sosial sorğu göstərilib və nəticəsi baş naziri əsəbiləşdirib. Qeyd olunur ki, sorğuya əsasən, baş nazirin reytinqi 21-23 faiz aralığında olub. Yekunda Paşinyan özünün ən etibarlı adamlarına reytinqinin daha da düşməməsi üçün ona gələcək fəaliyyət proqramını təqdim etməyi tapşırıb.
Xatırladaq ki, ötən ay sosial şəbəkədə aparılan sorğunun nəticələrinə görə, baş nazirin nüfuzu azalaraq 25 faizə düşmüşdü. "Lragir” qəzetinin verdiyi xəbərə görə, əldə edilən məlumata əsasən, rəqəmlər yenə də reallıqdan tamamilə çox uzaqdır: "Təxminən bir ay əvvəl gizli rəsmi kanallarla aparılan sorğunun nəticələrinə görə, Paşinyanın reytinqi 45 faizə düşmüşdü. Son hadisələrin, ötən aylarda yüksək səviyyəli istefaların Paşinyanın reytinqinə daha ciddi zərbə olduğu heç kimdə şübhə doğurmur. Yenidən sorğu keçirilsə, yəqin ki, nəticələr baş nazir üçün daha ağır olar”.
Bu arada ağır sosial-iqtisadi vəziyyət fonunda Ermənistanda müşahidə olunan hallardan biri də yenidən çoxsaylı etiraz aksiyalarının başlanmasıdır. Ölkə vətəndaşları artıq maddi-sosial durumlarının nə vaxtsa yaxşılaşacağına olan ümidlərini tam itirmək üzrədirlər. Xüsusən də yeni iş yerlərinin açılması əvəzinə köhnələrinin bağlanması vəziyyəti ağırlaşdırır.
Təhsil işçiləri iqtidara narazılığı açıq şəkildə dilə gətirirlər. Bu günlərdə Ermənistan hökumətinin hazırladığı ali təhsil haqqında yeni qanun layihəsində universitetlərin qeyri-humanitar fakültələrində erməni dili, erməni tarixi və ədəbiyyatı dərslərinin ləğv olunması qərarına etiraz edən tələbələr və professor-müəllim heyəti birgünlük tətil keçiriblər. Etirazlara rəhbərlik edən Yerevan Dövlət Universitetinin filologiya fakültəsinin professoru Narina Dilbaryan bu mübahisəli qanun layihəsini Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə müzakirə etməyi tələb edib. Tətillə paralel olaraq Yerevanın mətbuat mərkəzlərindən birində tarixçi alimlərin də mətbuat konfransı keçirilib.
Etirazlara millətçi "Daşnaksütyun” partiyası da qoşulub. Erməni dilinin və ədəbiyyatının arxa plana atıldığını iddia edən nümayişçilər baş nazir Paşinyandan nazir Araik Arutyunyanı istefaya göndərməyi tələb edirlər.
Görünən odur ki, hakimiyyət getdikcə dərinləşən problemlərə son qoymaq iqtidarında deyil. Elə bu səbəbdən qarşıdakı müddət ərzində Ermənistanda vəziyyətin daha da pisləşməsi gözlənilir.
Elçin Cəfərov
"Azərbaycan” qəzeti