Ermənistanda baş verən hadisələr ölkənin siyasi həyatına hələ uzun müddət öz təsirini göstərəcək.
Serj Sarkisyanın istefası ilə Ermənistan daxilindəki bütün ziddiyyətlərin aradan qalxdığını söyləmək doğru olmazdı. Çünki aksiyalarda kütləviliyi təşkil edən amillərdən biri və bəlkə də birincisi Serj Sarkisyan başda olmaqla Qarabağ klanının ölkəni acınacaqlı duruma salması, insanların iqtisadi və sosial fəlakətlə qarşı-qarşıya qalması və bununla yanaşı, gələcəyə hər hansı bir ümidin olmaması ilə bağlı idi.
NUHÇIXAN xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib. O qeyd edib ki, aksiyaların keçirildiyi dövrdə Sarkisyan və komandasının KİV-lərə ötürdüyü təxribat xarakterli məlumatlar, Qarabağ üzərindən manipulyasiyaların davam etdirilməsi, xarici düşmən faktoru müstəvisində həmrəyliyə çağırış elementləri heç bir effekt vermədi. Bütün bunlar sübut etdi ki, Ermənistanda hakimiyyətin Qarabağ üzərindən yürütdüyü və yürüdəcəyi siyasət iflasa uğrayıb, bundan sonra qeyd olunan istiqamətdə aparılan təbliğat cəmiyyət tərəfindən, ümumiyyətlə, qəbul olunmayacaq. Sarkisyanın hakimiyyətdən getməsi ilə işğalçı ölkəyə ənənəvi təsir imkanlarına malik olan xarici qüvvələrin imkanları məhdudlaşmayacaq, çünki Ermənistanda hələ də başqa dövlətin hərbi bazası var, Ermənistanın sərhədlərini xarici ölkənin hərbçiləri qoruyurlar, işğalçı ölkənin enerji, nəqliyyat və digər həyati əhəmiyyətli sahələrinin idarəçiliyi xarici qüvvələrin əlindədir.
Ermənistanda hakimiyyətə gələn qüvvələrin, ilk növbədə, ölkənin sosial-iqtisadi fəlakətdən xilas olması üçün qismən də olsa yumşaq mövqe tutmaq məcburiyyətində qalacağını deyən müsahibimiz vurğulayıb ki, əks təqdirdə onları da Sarkisyanın aqibəti gözləyəcək, çünki Ermənistan tarixində ilk dəfədir ki, siyasi hakimiyyət kütləvi etiraz aksiyaları ilə istefaya məcbur edilib. Bu isə Ermənistan cəmiyyətində insanların siyasi hakimiyyətə təsir etmək, prosesləri istiqamətləndirmək gücünə malik olduqları barədə təsəvvürlər formalaşdırıb.
Elçin Mirzəbəyli hesab edir ki, bu təsəvvürləri qısa müddət ərzində alt-üst etmək, yaxud unutdurmaq mümkün olmayacaq, eyforiya hələ bir müddət davam edəcək. “Ermənistanda Qarabağ klanının ciddi məğlubiyyətə düçar olması danışıqlar prosesinə birbaşa deyil, dolayısı ilə təsir göstərə bilər”, - deyən siyasi ekspert bildirib ki, bütün hallarda Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin Ermənistandakı hakimiyyət dəyişikliyi ilə hər hansı bir formada əlaqələndirilməsinə qarşıdır. O qeyd edib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə və xalqımıza qarşı soyqırımı həyata keçirən cinayətkarların ədalət məhkəməsi qarşısına çıxarılacağına qətiyyən şübhə etmir. Şübhəsiz ki, bu istiqamətdə hüquqi prosedurların həyata keçirilməsi bizim üzərimizə düşür. Ermənilər isə öz gələcəklərini düşünsələr, bir xalq olaraq bu bölgədə təhlükəsiz və rifah içində yaşamaq perspektivlərinin olduğunu qavrasalar, qəsb etdikləri torpaqlardan da, onları on illərlə məhrumiyyət içərisində saxlayan cinayətkarlardan da imtina edərlər.