Paşinyan ölkəsini səfalətə sürükləyir

Kasıbların zibil qutularına üz tutması adi hala çevrilib

A- A A+

Ermənistanda ən böyük problemlərdən biri ağır sosial-iqtisadi durum fonunda ölkədə miqrasiya tempinin yeni vüsət alması, daha çox sayda insanın xaricə üz tutmasıdır. Ermənistanın gələcəyi ilə bağlı nikbin olmayanlar indiki durumda müxtəlif xarici ölkələrdə məskunlaşmağı ən yaxşı çıxış yolu sayırlar. Məhz bu səbəbdən miqrasiya ilə bağlı yenidən həyəcan təbili çalınır.

Erməni mediası yazır ki, ölkədə Paşinyan komandasının fəaliyyəti nəticəsində Ermənistanın boşalması davam edəcək. Bunun əsas səbəbi yeni iqtidarın yarıtmaz siyasəti, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması səbəbindən təcrid vəziyyətinə düşmüş Ermənistanın inkişafdan geri qalmasıdır. Ölkədə əhalinin sayının ildən-ilə azalması elə həddə çatıb ki, nə vaxtsa artacağı da şübhə altındadır.

İşğalçı ölkədə getdikcə dərinləşən tənəzzül silahlı qüvvələrin durumuna da təsirsiz ötüşmür. Elə bunun nəticəsidir ki, Ermənistan ordusu getdikcə daha acınacaqlı vəziyyətə düşür. Ordu rəhbərliyində edilən dəyişikliklər də vəziyyəti dəyişə bilməyib, əksinə, daha acınacaqlı hala gətirib.

Araşdırmalar da göstərir ki, Ermənistan ordusunda insidentlərin sayı artıb. Rəsmi məlumata əsasən, təkcə qətl və intihar hallarının sayı ötən illə müqayisədə dəfələrlə çoxalıb. Silahlı qüvvələrdə əvvəllər müşahidə olunan qanun pozuntuları daha geniş miqyas almağa başlayıb. Bu günlərdə Ermənistanın Tavuş vilayətinin Noyemberyan şəhərində yerləşən Dilican təlim mərkəzində 2000-ci il təvəllüdlü sıravi əsgər Vaan Muşeqyan ipdən asılı halda aşkar edilib.

Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan da təsdiqləyib. Əsgərin intihar etdiyi ehtimal olunur. Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Ordunun hərbi qulluqçularının nizam-intizamı, mənəvi-psixoloji, maddi və fiziki vəziyyətinin ötən illərə nisbətən daha da pisləşdiyini etiraf edən ermənilərin sayı davamlı surətdə artır. Döyüş itkilərindən əlavə, Ermənistan ordusunda baş verən fərarilik, ölüm, zorlama, döyülmə, rüşvət, korrupsiya, intihar, təcavüz və digər nizamnamədənkənar halların sayı dəfələrlə çoxalıb. Əvvəlki kimi, regionçuluq xəstəliyi bu silahlı qüvvələrin durumunu daha da pisləşdirir. Komandirlər tərəfindən hərbi hissələrdən hərbi qulluqçuları qeyri-qanuni yolla müəyyən olunmuş pul müqabilində ay ərzində hərbi hissədən kənara buraxma halları davam etməkdədir.

Qeyd olunur ki, Nikol Paşinyan, sələfi Sarkisyan kimi, xalqa yalan danışmaqdan çəkinmir. Baş nazirin xalqı aldatmağa yönələn açıqlamalarını, yalan danışdığını "Qraparak” qəzeti xüsusi vurğulayır. Nəşr yazır ki, Ermənistanda kasıbların gündəlik maddi ehtiyaclarını ödəməsi üçün zibil qutularına üz tutması adi hala çevrilib. Ermənistanda belə insanlarla gündə bir neçə dəfə qarşılaşmaq mümkündür.

"Qraparak”a danışan yaşlı erməni qadın da Ermənistandakı ağır sosial həyatdan bəhs edib. Zibil qutularında satmaq üçün şüşə və müxtəlif əşyalar axtardığını bildirən qadın tək olmadığını və övladının bir ailəsini də güclə dolandırdığını qeyd edib. Qadın daha ətraflı müsahibə verməkdən imtina etsə də, hakimiyyətin hər şeyi daha yaxşı bildiyini söyləyib. O, insanların bu vəziyyətə düşməsində Ermənistan rəhbərliyinin günahkar olduğunu deyib.

Göründüyü kimi, Paşinyan hakimiyyəti dövründə Ermənistanda heç bir irəliləyiş əldə olunmayıb. Elə bu səbəbdən də baş nazirin reytinqi əhali arasında sürətlə düşməkdədir. "Lragir” qəzetinin sosial şəbəkədəki səhifəsində paylaşılan məqalədə deyilir ki, Ermənistan ətrafında vəziyyət bu gün heç vaxt olmadığı qədər gərgin və təhlükəlidir: "Bu gün bizdə qanuni hökumət yoxdur. Buna görə də bizim gələcəyimiz çox qeyri-müəyyən və təhlükəlidir. Ölkədə rus və Qərbmeyilli qüvvələr arasında çox ciddi toqquşma var. Bunun əsas səbəbi ondan ibarətdir ki, ölkə rəhbərliyi daxili və xarici proseslər üzərində nəzarəti tamamilə itirib. Bizim daxili həyatımıza qarışan xarici ölkələrin sayı artır. Ermənistanın daxili siyasi həyatının zirvəsində oturan insanlar çıxış yollarını görə bilmirlər. Əgər belə davam edəcəksə, gələcəyimiz çox təhlükəlidir”.

 

Elçin Cəfərov

"Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: