“Ermənistan Dağlıq Qarabağdan Azərbaycan izlərini silir”

A- A A+

NUHÇIXAN xəbər verir ki, ABŞ-da yayımlanmış “Jewish Journal” nəşrində (https://jewishjournal.com/) Ryan Torokun müəllifi olduğu məqalədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev və Xocalı soyqırımının şahidi Dürdanə Ağayevanın yəhudilərin Los–Ancelesdəki Nessah sinaqoqunda keçirdikləri görüşdən bəhs edilir. Məqalədə tədbirin İrandan olan amerikalı Yəhudi Federasiyası ilə əməkdaşlıq nəticəsində keçirildiyi vurğulanır. Yazıda Dürdanə Ağayevanın ermənilərin hərbi təcavüzü nəticəsində müharibənin onun həyatında qoyduğu izlərdən danışdığı qeyd edilib. Vurğulanıb ki, SSRİ-nin süqutundan sonra meydana gələn münaqişə 1994-cü ildə atəşkəs elan edilməsinə baxmayaraq, hələ də davam edir. 

Məqalədə deyilir: “Çıxışçılar beynəlxalq ictimaiyyət tərəfindən Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu tanıdıqlarını və bölgənin erməni işğalı zamanı azərbaycanlı əhaliyə qarşı Xocalıda etnik təmizlənmənin başlandığını söylədilər. “Jewish Journal” üçün bloq yazıları hazırlayan müsəlman qadın Dürdanə Ağayeva girovluqda və işgəncə düşərgələrində keçirdiyi günlərdən danışdı”.
 Müəllif, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevin də çıxışına geniş yer ayırıb: “Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır və insanlara qarşı zorakılıqları tənqid edir. Bizim evlərimiz, məscidlərimiz, məktəb və bağlarımız, bir sözlə, hər şeyimiz erməni qüvvələri tərəfindən dağıdılıb”—deyən Tural Gəncəliyev Şuşadakı evlərinin fotoşəklini göstərib və uşaqlığının ən gözəl illərini burada keçirdiyini xüsusi vurğulayıb.
Məqalədə bildirilir ki, ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev İsraillə Azərbaycan arasındakı diplomatik əlaqələrin nəticələrindən danışıb və Azərbaycanda dini harmoniyanın yəhudi icmasının da inkişafına töhfə verdiyini vurğulayıb. Azərbaycanla yəhudi xalqını güclü və tarixi əlaqələr birləşdirdiyini vurğulayan konsul İsrailin Azərbaycanın ərazi bütövlüyünü tanımasını da yüksək qiymətləndirib.
Türkiyənin “Anadolu” agentliyi də “Ermənistan Dağlıq Qarabağdan Azərbaycan izlərini silir” sərlövhəli məqalədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri ­­­
T.Gəncəliyevin Azərbaycanın Türkiyədəki səfirliyində keçirilmiş “Məcburi köçkün problemi və Azərbaycan təcrübəsi” tədbirində çıxışına geniş yer ayırıb. Soydaşımız Ermənistanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində Azərbaycana aid izlərin silindiyini Türkiyə ictimaiyyətinə xüsusi çatdırıb: “Ermənilər bu gün işğalın nəticəsini legitimləşdirməyə çalışırlar. Odur ki, onlar Dağlıq Qarabağda Azərbaycana məxsus izləri silirlər. Azərbaycanlılar “Google Earth” və digər peyk proqramları vasitəsilə çəkilmiş şəkillərdə Dağlıq Qarabağdakı evlərin, həmçinin tarixi, mədəni abidələrin, məscidlər və qəbiristanlıqların erməni hərbi birləşmələri tərəfindən necə dağıdıldığını ­aydın şəkildə görür. Onlar bizim milli irsimizi məhv edir, bizə aid izləri dəyişməyə çalışırlar. Məsələn, abidələr, dini məbədlər məhv edilir. Bu, təkcə beynəlxalq hüquqa zidd deyil, həm də insanlığa qarşı cinayətdir.”
Tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev erməni millətçilərinin 1988-ci ildə “birləşmə” şüarı ilə çıxış etməyə başladıqlarını xatırladıb. 1991-ci ildə Sovet İttifaqının dağılması zamanı isə erməni millətçiləri ərazi ekspansiyası ilə bağlı taktikanı dəyişib və “öz müqəddəratını təyinetmə” ifadəsindən istifadə etməyə başlayıblar: “Hesab edirəm ki, üçüncü tərəflərin müdaxiləsi olmasa, Dağlıq Qarabağ münaqişəsi həll edilə bilər”.
Agentlik məqalədə indiyə kimi münaqişənin tənzimlənməsi ilə bağlı qəbul edilmiş qətnamələri xatırladır və Ermənistanın əzəli Azərbaycan ərazilərini işğal etməsi üzündən Türkiyənin də Bakıya dəstək olaraq, bu ölkə ilə sərhədini bağlamasını qeyd edir.
Nüfuzlu “Türkiyə” qəzetinin jurnalisti Yücel Koçun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında "Qardaş ölkədə nələr olur? Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı" adlı geniş məqaləsi Azərbaycan mediasında da maraqla qarşılandı, məqalə bütövlükdə əksər sayt və qəzetlərdə də işıq üzü gördü. Yazıda uzun zamandır Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban Əliyevanın Avropa başda olmaqla, dünyada ciddi mədəni və sosial layihələrə verdiyi dəstəklə diqqəti özünə çəkməsi xüsusi vurğulanır. Azərbaycan mediası və oxucularının bu məqaləni maraqla qarşılaması Türkiyənin nüfuzlu nəşrlərinin də diqqətindən yaynmayıb. Belə ki, “İhlas” xəbər agentliyinin “Türkiyə” qəzetinin yazarının məqaləsi Azərbaycan mediasında” sərlövhəli xəbərində həmin məqalənin Azərbaycan KİV-ində geniş əks-səda doğurması, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinin gətirdiyi müsbət dəyişikliklər xüsusi vurğulanır.
İngilisdilli Jns.org saytı bu yaxınlarda Bakıda keçirilmiş Dünya dini liderlərinin ikinci sammiti, eləcə də, orada müzakirə edilmiş aktual məsələlər, Azərbaycanda multikulturalizm ənənələri, ölkəmizdə yəhudi icmasının yaşayış tərzinə dair silsilə məqalələr həsr etməkdə davam edir. Eliana Rudee adlı müəllifin yazdığı “Azərbaycanın Dağ yəhudilərinin olduğu yerə–dünyada ən son qalmış məskənlərindən birinə səfər” sərlövhəli məqalədə Qubada “Qırmızı qəsəbə”də yaşayan yəhudi icmasının həyat tərzi, onların ölkəmizdə sülh və qarşılıqlı etimad şəklində yaşaması təsvir edilir.
Müəllif Azərbaycanı “tolerantlıq vadisi” adlandıraraq, bütün dini konfessiyaların qorunmasının burada norma olduğunu xüsusi vurğulayır. Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun tarixi uzun əsrlərə dayanır. Ölkə multikulturalizm və dinlərarası dialoq mərkəzi kimi tanınır. 
Məqalədə, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının yəhudi nümayəndə heyəti ilə görüşündə “Sülh və həmrəylik şəraitində yaşayan tolerant xalqıq. Azərbaycanda heç bir dini konflikt yoxdur, tolerantlığı təşviq etmək dövlətin prioritet məsələlərindən biridir”–fikirlər səsləndirməsi də yer alır.
Bakıda Azərbaycanın bütövlüyü uğrunda şəhid olmuş Milli Qəhrəman Albert Aqarunovun heykəlinin açılışı ilə bağlı Bakı Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayevin “Müsəlman ölkəsində qəhrəman yəhudinin heykəli ucaldılıb” sərlövhəli məqaləsi ingilis dilində “Jewish Journal”ın saytında yer alıb. Məqalədə Bakıda yəhudi ailəsində doğulmuş Albertin Vətənin dar günündə ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəsi, həyat yolu və onun xatirəsinə Bakıda heykəl ucaldılmasından bəhs edilir. Vurğulanır ki, Bakının küçələrindən birinə Albertin adının verilməsi və burada onun heykəlinin ucaldılması şəxsən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsüdür və onun rəhbərliyi altında bu gün Azərbaycan konfessiyalararası sülhlə, harmoniya ilə tanınan ölkəyə çevrilib.
Müəllif qeyd edir ki, Azərbaycanın bütün bölgələrində, istər müsəlman, istərsə də xristian və yəhudi icmalarında hörmətlə anılan Milli Qəhrəmana ucaldılmış heykəl bu ölkənin milli sərvətidir. “Bununla yanaşı, Albert azərbaycanlılarla yəhudilər, həmçinin müsəlmanlarla yəhudilər arasındakı dostluğun, qardaşlığın rəmzidir. Əsl qeyri-adi həyat yaşamış Albert ədalətə, xeyirxahlığa inanan bütün insanlar üçün cəsarətin, sülh dəyərlərinin təcəssümüdür”. 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: