Təbrizdə ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Mərasimdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub.
Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov tədbirdə çıxış edərək deyib ki, ulu öndər Heydər Əliyevin ömür yolu Azərbaycan tarixində mühüm mərhələ təşkil edir. Dahi şəxsiyyət öz müstəsna xidmətləri ilə xalqın qəlbinə və tarixin yaddaşına əbədi həkk olunub. Müstəqilliyin ilk illərində Azərbaycanda ictimai-siyasi sabitlik pozulmuş, torpaqlarımız işğala məruz qalmışdı. Azərbaycan uçurumun astanasında dayanmışdı. Müdrik dövlət xadimi ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi, torpaqlarımızın işğalının qarşısını aldı. Ulu öndər ölkəmizə birinci rəhbərliyi dövründə Azərbaycanın gələcək müstəqilliyinin əsaslarını yaratmış, ölkəmizə rəhbərliyinin ikinci dövründə isə müstəqilliyimizi qoruyub saxlamış, xalqın birliyini təmin etmiş, ölkəni anarxiya və xaosdan xilas edərək qüdrətli Azərbaycan dövlətini yaratmış, qonşu dövlətlərlə dostluq münasibətlərinin əsasını qoymuşdur. Dahi rəhbərin müəyyənləşdirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünyada layiqli yer tutub, beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınıb, İranla yaxın münasibətlər qurub. Bu gün ölkələrimiz arasında səmimi qonşuluq və əməkdaşlıq siyasəti aparılır, yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilir.
Baş konsul diqqətə çatdırıb ki, ulu öndərin siyasi kursu onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqının demokratik və hüquqi dövlətdə yaşaması, xoşbəxt gələcəyinin təmin edilməsi, müstəqilliyin davamlı xarakter daşıması ümummilli liderin quruculuq missiyalarının məntiqi nəticəsidir.
Sonra İranın Şərqi Azərbaycan valisinin siyasi, təhlükəsizlik və ictimai məsələlər üzrə müavini Əliyar Rastqu çıxış edərək ulu öndər Heydər Əliyevin xatirəsinin İranda hörmətlə yad edildiyini diqqətə çatdırıb. Əliyar Rastqu ümummilli liderin həm Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, həm də ölkə Prezidenti olduğu dövrlərdə İran ilə əlaqələrin inkişafına xüsusi diqqət göstərdiyini vurğulayıb.
Çıxışlardan sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirdə ehsan süfrəsi açılıb.
Anım mərasimində İranın Şərqi Azərbaycan Vilayətinin Mədəniyyət və İslami İrşad Baş İdarəsinin rəhbəri Məhəmməd Məhəmmədpur, Şərqi Azərbaycan Vilayətinin turizm, əl işləri və mədəni irs təşkilatının baş direktoru Murtəza Abdar, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Şimal-Qərb Nümayəndəliyinin rəhbəri Əkbər İsazadə, Türkiyə Respublikasının Təbrizdəki Baş Konsulluğunun vitse-konsulu Halil Güner, şəhər ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.
Tədbir İran mətbuatında geniş işıqlandırılıb. Həmçinin ümummilli liderin anım günü ilə bağlı Baş Konsulluq tərəfindən Təbriz şəhərində nəşr olunan “Mədəniyyət beşiyi” qəzetinin 9 dekabr tarixli sayında “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” sərlövhəli məqalə dərc olunmuşdur. Məqalədə ulu öndərin zəngin dövlətçilik fəaliyyətinə nəzər salınır, görkəmli dövlət xadimi tərəfindən ölkəmizin inkişafı sahəsində görülən işlərdən, o cümlədən İranla əlaqələrin qurulması və genişləndirilməsi sahəsindəki tədbirlərdən bəhs olunur.