Namiq Əliyev: "Günnüt əməliyyatını II mərhələ hesab etməyə tam əsasımız var"

A- A A+

“Laçın dəhlizinə gedən yeganə yol Azərbaycan Ordusunun nəzarəti altındadır”. NUHÇIXAN xəbər verir ki, bunu SİA-ya açıqlamasında "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev deyib.

Onun sözlərinə görə, Şərur rayonunun Günnüt kəndinə və oraya yaxın olan yüksəkliklərə, ümumilikdə, 11 min hektar əraziyə nəzarətin Azərbaycan Ordusu tərəfindən ələ keçirilməsi böyük hərbi uğurdur: “2016-cı ilin aprel savaşında 2 min hektar ərazi işğaldan azad edilmişdisə, indi ondan 5 dəfədən də artıq torpaq rəşadətli əsgərlərimiz tərəfindən Vətənə qaytarıldı. Torpaqlarımızın işğaldan azad edilmə prosesində aprel savaşı birinci mərhələ idisə, Günnüt əməliyyatını ikinci mərhələ hesab etməyə tam əsasımız var. Ən əsası isə odur ki, buradakı yüksəkliklərdən İrəvan-Gorus strateji yolunu hərbçilərimiz daimi olaraq nəzarət altında saxlayacaqlar. Bizim üçün olduqca strateji əhəmiyyət daşıyan Laçın dəhlizinə də bu yol vasitəsilə getmək mümkündür. Qeyd edim ki, bu yolun kiçik bir hissəsinə Sədərək rayonu istiqamətindən də nəzarət etmək mümkün idi. Lakin fərqli olaraq, hərbi baxımdan Günnüt ətrafındakı yüksəkliklər daha hündür və daha əlverişlidirlər. Ermənistanın Laçın dəhlizinə gedən alternativ yolu yoxdur, o istiqamətə bütün hərbi yüklər bu yoldan daşınır. Ermənistanın yeni, populist rəhbərliyi Günnüt qələbəsinin əhəmiyyətini yaxşı başa düşür, ona görə də, öz vətəndaşlarını aldatmağa çalışırlar. Guya Azərbaycan tərəfi Günnütdə olan qəbirlərinin ziyarət edilməsi üçün ermənilərdən xahiş edibmiş. Təbii ki, bu, ağ yalandır. Ermənilər aprel savaşında 2 min hektar sahənin Azərbaycan tərəfindən geri qaytarılmasını Sarkisyana bağışlaya bilmirdilər, indi 11 min hektarın əsl sahibinə qayıtmasının hesabını vermək lazımdır. Bu isə Paşinyanın mitinqlərdə verdiyi vədlərə bənzəmir, ortada strateji hərbi nöqtələrin itirilməsi faktı var. Günnüt qələbəsinin mənəvi-psixoloji əhəmiyyəti də olduqca böyükdür. Əgər aprel qələbəsi vətəndaşlarımızda torpaqlarımızın işğaldan azad ediləcəyinə inam yaratdısa, bu qələbə inamımızı daha da möhkəmləndirdi. Artıq hamıda belə bir ümid yaranıb ki, Günnüt qələbəsi də sonuncu olmayacaq. Prezident İlham Əliyevin Müdafiə Nazirliyinin Raket Qoşunlarının hərbi hissəsinin açılışını etməsi, yeni orta mənzilli raketlərin təqdimatı xalqımızda əminlik yaradır ki, qarşıda daha böyük qələbələr bizi gözləyir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: