1990-cı il dekabrın 18-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edilmişdir. 2000-ci ildən etibarən həmin tarix “Beynəlxalq Miqrant Günü” kimi qeyd olunur.
Miqrasiya və miqrantlar mövzusu müasir dünyada geniş müzakirələrə səbəb olan ən aktual məsələdir. Son illər baş verən müxtəlif siyasi və iqtisadi proseslər miqrasiyanın, xüsusi ilə sosial-iqtisadi miqrasiyanın genişlənməsinə təsirsiz ötüşməmişdir. Hazırda mövcud miqrantların böyük əksəriyyətini əməkçi miqrantlar təşkil edir ki, bu da onlarla bağlı problemlərə xüsusi diqqət yetirilməsini və bununla bağlı bir çox məsələlərdə dövlətlər tərəfindən vahid yanaşmanın tətbiq olunmasını zəruri edir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra miqrasiya sahəsində ardıcıl tədbirlər görülmüş, qanunvericilik təkmilləşdirilmişdir. İqtisadi inkişafın və sabitliyin təmin olunması, neft layihələrinin gerçəkləşməsi xarici investorların və əməkçi miqrantların ölkəmizə axınına səbəb olmuşdur. Bu gün ulu öndərin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə ardıcıl tədbirlər görülür. Azərbaycanın miqrasiya sahəsindəki siyasəti ölkənin sosial-iqtisadi maraqlarının qorunması ilə yanaşı miqrantların, o cümlədən də əməkçi miqrantların həyat və fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına, onların hüquqlarının müdafiəsinə yönəldilmişdir.
Naxçıvan Muxtar Respublikasında da miqrasiya prosesləri qanunvericiliyin tələblərinə uyğun tənzimlənir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. Son illər muxtar respublikada həyata keçirilən uğurlu islahatlar nəticəsində yaşayış səviyyəsi yüksəlmiş, əlverişli coğrafi-strateji mövqeyi, mühüm ticarət qovşaqlarının üzərində yerləşməsi Naxçıvanı əcnəbilər üçün cəlbedici yerə çevirmişdir. Ona görə də miqrasiya sahəsində dövlət nəzarətinin həyata keçirilməsi, qarşıya qoyulan vəzifələrin vaxtında və düzgün yerinə yetirilməsi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün müasir standartlara cavab verən yeni inzibati binanın istifadəyə verilməsi bu sahədə görülən işlərin davamıdır. Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində qanunvericiliyin tələblərini rəhbər tutaraq muxtar respublikada insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinə xüsusi diqqət yetirir, bu sahə üzrə qarşıda duran vəzifələri həll edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş turizm sektorunun inkişafı üçün Naxçıvan Muxtar Respublikasında əlverişli mühitin formalaşması məqsədilə sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, sərhəd-buraxılış məntəqələrində sürətli keçidin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi istiqamətində Dövlət Miqrasiya Xidməti tərəfindən mühüm addımlar atılmışdır. Belə ki, əcnəbilərin olduğu yer üzrə qeydiyyatı sadələşdirilmiş, qeydiyyatın aparılmasına əlverişli şərait yaradılmış, elektron qaydada müraciətlər təmin edilmişdir. Həmçinin muxtar respublika ərazisində fəaliyyət göstərən mehmanxanalarla Dövlət Miqrasiya Xidməti arasında ölkəyə gələn əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması proseduru sadələşdirilmiş formada elektron qaydada həyata keçirilir.
Muxtar respublikada insan hüquq və azadlıqlarına daim diqqətlə yanaşılır. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin istifadəyə verilməsi bu mənada mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq standartlara uyğun olan mərkəzdə könüllü və məcburi saxlanılan miqrantların hüquqlarının təmin edilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq hər cür şərait yaradılmışdır.
Reallıqdır ki, öz hüquq və azadlıqlarını, vəzifələrini bilməyən şəxs rahatlıqla qanunsuz miqrasiyanın qurbanına çevrilə bilər. Bu gün əcnəbilərin muxtar respublikamızda rahat, təhlükəsiz, sərbəst hərəkət etmələrinin, eləcə də qanunsuz miqranta çevrilməmələrinin əsasında həm də maarifləndirmə tədbirləri dayanır. Dövlət Miqrasiya Xidməti mütəmadi olaraq vətəndaşların məlumatlandırılması və maarifləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirir. Belə ki, sərhəd-buraxılış məntəqələrində yerləşdirilmiş elektron məlumat köşkləri üzərində müvəqqəti və daimi yaşamaq, olduğu yer üzrə qeydiyyataalınma, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi və müddətinin uzadılması ilə bağlı məlumatlar Azərbaycan, rus və ingilis dillərində yazılı və səsli formada muxtar respublikaya daxil olan xarici ölkə vətəndaşlarına təqdim olunur.
Bundan başqa Dövlət Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə “Elektron hökumət portalı” üzərindən 9 sahə üzrə xidmət göstərir. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazələrinin verilməsi və müddətinin uzadılması da bu xidmət növlərinə daxildir. Əməkçi miqrantların işəgötürülmə prosedurunu sadələşdirmək üçün xidmətin rəsmi internet səhifəsi üzərində “Elektron xidmətlər” bölməsi yerləşdirilmiş, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən iş icazələrinin və onun əsasında muxtar respublika ərazisində yaşamaq hüququ verən müvafiq icazələr üçün müraciətetmə imkanı yaradılmışdır. Eyni zamanda bu xidmət növləri üzrə dövlət rüsumlarının internet üzərindən ödənilməsi də onlayn həyata keçirilə bilir. Dövlət Miqrasiya Xidmətinin “202 – Miqrasiya Məlumat Mərkəzi”nin fəaliyyəti də miqrasiya sahəsi üzrə qanunvericilik və sənədlərin icrası ilə bağlı informasiyaları əldə etmək hüququnun təmini baxımından mühüm əhəmiyyətə malikdir.
Miqrasiya siyasətinin həyata keçirilməsində əsas məsələlərdən biri də burada yaşayan əcnəbilərin hüquq və vəzifələrinin, miqrasiya qanunvericiliyinin, həmçinin Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin öyrənilməsinin təmin edilməsidir. Bu məsələnin əhəmiyyəti nəzərə alınaraq muxtar respublikada müvəqqəti yaşayan və əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin hüquq və azadlıqları ilə bağlı, habelə muxtar respublikanın tarixi, mədəniyyəti, incəsənəti, turizm imkanları haqqında müxtəlif maarifləndirici tədbirlər və muzeylərə ekskursiyalar təşkil olunur. Eyni zamanda miqrasiya sahəsində vətəndaşlara göstərilən xidmətlər operativliyinin təmin olunması, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qanunvericiliyi sahəsində hüquqi məlumatlar əldə etməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin rəsmi internet saytıfəaliyyət göstərir. Sayt daha rahat istifadə üçün cari ilin əvvəlində tamamilə yenilənmiş, həm funksionallıq, həm dizayn baxımından müasirləşdirilmiş və zamanın tələbinə uyğunlaşdırılmışdır. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytın daha çox əcnəbilər tərəfindən istifadəsi nəzərə alınaraq www.migration.nmr.az adı ilə də fəaliyyəti təmin edilmişdir.
Dövlət Miqrasiya Xidmətinin kollektivi bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla icra edəcək, miqrasiya proseslərinin idarə olunması sahəsində qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərəcəklər.
Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin
təhlili və informasiya təminatı şöbəsi