“Əl-Cəzirə” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc edilib

A- A A+

Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Cəzirə” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev... Azərbaycanın müasir tarixinin qurucusu” sərlövhəli məqaləsi dərc olunub.

NUHÇIXAN-ın məlumatına görə, məqalədə müasir Azərbaycanın banisi, ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən, eləcə də xalqımız qarşısındakı xidmətlərindən bəhs olunub.

Yazıda bildirilib ki, Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə ölkəmiz sürətlə inkişaf edərək, Sovet İttifaqının qabaqcıl respublikalarından birinə çevrilib.

Məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya daxil olaraq günahsız insanları qətlə yetirdiyi bildirilib. Qeyd olunub ki, xalqımızın böyük oğlu Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet ordusunun vəhşiliyini pisləyən və törədilən qanlı cinayətdə əli olanların cəzalandırılmasını tələb edən bəyanatla çıxış edib.

Yazıda, həmçinin Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərə və erməni işğalına toxunularaq, ölkənin vətəndaş müharibəsi və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıtmasından, müstəqilliyin qorunub saxlanılması istiqamətində gördüyü işlərdən danışılıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının əsl xilaskarına çevrilib. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra güclü siyasi iradə ortaya qoyaraq ölkəni inkişaf yoluna çıxarıb.

Müəllif, eyni zamanda, Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlər, o cümlədən “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri barədə geniş məlumat verib. Bildirib ki, Ulu Öndərin uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycan Şərq ilə Qərb arasında etibarlı körpüyə, dünyanın ən dinamik iqtisadiyyatına malik ölkələrindən birinə çevrilib.

Məqalədə Heydər Əliyevin qardaş müsəlman ölkələri ilə münasibətlərin inkişafına və möhkəmləndirilməsinə də böyük diqqət ayırdığı qeyd olunub. Onun prezidentliyi dövründə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında münasibətlərin genişlənməyə başladığı və uğurla inkişaf etdiyi bildirilib.

Diplomat qeyd edib ki, Ümummilli Liderin strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan böyük nailiyyətlər qazanıb, regional aktora çevrilib və onun beynəlxalq aləmdəki nüfuzu möhkəmlənib. Son illərdə həyata keçirilən transmilli neft və qaz layihələri Azərbaycanı dünya miqyasında rolunu daha da artırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: