Akademik İsmayıl Hacıyev: “Biz Kərkini, onun ətrafındakı əraziləri də işğaldan azad edəcəyik”

A- A A+

Son günlər Əlahiddə Ümumqoşun Ordunun əks-əməliyyatı tədbirləri nəticəsində Günnüt kəndi və ətrafındakı 11 min hektarlıq ərazinin ordumuzun tam nəzarətinə keçməsi faktı  muxtar respublika ziyalılarını da sevindirir. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bununla bağlı NUHÇIXAN-a açıqlama verib. Bu addımı tarixi ədalətin bərpası  kimi dəyərləndirən akademik bunları deyib:

“Ermənilərin Cənubi Qafqaza, eləcə də Azərbaycana və onun ayrılmaz bir parçası olan Naxçıvan ərazisinə köçürülməsi ilə gələcək bəlalarımızın əsası qoyuldu. “Böyük Ermənistan” arzusu ilə yaşayan erməni millətçiləri Naxçıvanı da onun ərazisində görmək istəyir və XX əsr boyu buraya dəfələrlə silahlı hücum edib, onu işğal etməyə cəhd göstəriblər. SSRİ dövlət rəhbərlərinin ikiüzlü siyasətləri nəticəsində Naxçıvanın bir sıra əraziləri Ermənistana hədiyyə edilib.  1929-cu ilin fevral ayında Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvanın 625 kv km ərazisi–Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası Şahbuz nahiyyəsinin Oğbin, Ağxəc, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qarçevan kəndi, habelə Kilit kəndi torpaqlarının bir hissəsi Ermənistana verilib. Ermənilər Arazdəyən stansiyası bölgəsindən 400 hektar, Kükü kəndi ərazisindən 450 hektar, Şahbuz rayonu ərazisindəki Camışölən zirvəsindən 100 hektar ərazini müxtəlif illərdə tutublar. Şərur, Sədərək rayonlarının bəzi əraziləri Ermənistana verilib, erməni millətçiləri Kərki və Günnüt kəndlərini işğal ediblər.

 Bir neçə gün bundan əvvəl Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Qoşun hissələri 1992-ci ildə işğal edilmiş Günnüt kəndini və onun ətrafındakı 11 min hektar ərazini erməni işğalından azad edib. Erməni daşnakları bilməlidir ki, bir qarış torpağımızın onların əlində qalmasına yol verilməyəcək. Azad olunmuş kənd və ərazilər işğal olunmuş torpaqlarımızın bir hissəsidir. Biz Kərkini, onun ətrafındakı əraziləri də işğaldan azad edəcəyik. Vedi, Qəmərli və onlarla kəndlərimiz erməni işğalı altındadır. Bu ərazilərə ermənilər sonralar köçürülmüşlər. Tarixi torpaqlarımız geri qaytarılacaqdır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: