Küveyt qəzetində Azərbaycanda “Nəsimi ili” çərçivəsində keçirilən tədbirlərdən bəhs olunub

A- A A+

Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü ilə 2019-cu il dekabrın 24-də Küveytdə ingilis dilində həftəlik nəşr olunan “The Times” qəzetində “Nəsimi ili”nə həsr olunmuş məqalə dərc edilib.

Səfirlikdən NUHÇIXAN-a bildiriblər ki, məqalədə artıq sona çatmaqda olan 2019-cu ilin Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “Nəsimi ili” elan olunduğu qeyd edilir. Həmçinin yazıda bu il ərzində böyük şairin anadan olmasının 650 illik yubileyi münasibətilə respublikanın bütün bölgələrində və ölkə xaricində həyata keçirilən müxtəlif xarakterli tədbirlər barədə məlumat verilir.

Bildirilir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dekabrın 6-da ölkəmizin bütün ərazisini əhatə edən ağacəkmə aksiyası keçirilib və aksiya çərçivəsində 650 min ağac əkilib.

Yazıda Nəsiminin həyat və yaradıcılığı ilə bağlı ətraflı məlumat verilir, onun müdafiə etdiyi sufi-hürufi ideyaları, Azərbaycanda yaranan hürufizmin Yaxın və Orta Şərqə, Anadoluya, Orta Asiyaya, Balkanlara yayılması, həmçinin şairin ondan təxminən beş əsr əvvəl Ərəb torpaqlarında (Bağdad, Məkkə) yaşayıb-yaratmış və şeirlərində yad etdiyi Həllac Mənsurla düşüncə və talelərindəki oxşarlıqlar barədə söhbət açılır.

Şairin Azərbaycan (türk) dili ilə yanaşı, fars və ərəb dillərində də müxtəlif janrlarda əsərlər yaratdığı, onun mistik-fəlsəfi düşüncəsinin özündən sonrakı Füzuli, Xətai kimi bir çox böyük şairlər tərəfindən davam etdirildiyi qeyd olunur.

Nəsiminin ümumbəşəri şair olduğu, onun yubileylərinin nəinki Azərbaycanda, eləcə də UNESKO çərçivəsində beynəlxalq səviyyədə qeyd olunduğu bildirilir, şairin adının əbədiləşdirilməsi üçün Azərbaycanda və dünyada görülmüş işlər barədə Küveyt oxucularına məlumatlar verilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: