İyunun 13-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib. Bu barədə NUHÇIXAN-a daimi nümayəndəlikdən məlumat verilib.
Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov 1993-cü il iyunun 15-dən 25 il keçdiyini xatırladaraq bu illərin ölkəmizin və xalqımızın həyatında böyük dəyişikliklərlə yadda qaldığını vurğulayıb. Qurtuluş məfkurəsinin Azərbaycanın uğurlu inkişafının ideya əsası olduğunu qeyd edən Bəxtiyar Əsgərov bildirib ki, ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail olub.
“Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün, bizim hamımız üçün müqəddəs bayramdır”, - deyən Bəxtiyar Əsgərov bu günün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd edib. Bildirilib ki, 1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın tarixinə dövlətçiliyimizin xilas günü kimi daxil olmuşdur. Məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ulu Öndər Azərbaycanı parçalanmaqdan, məhv olma təhlükəsindən, daxili çəkişmələrdən və vətəndaş müharibəsindən xilas edib. Dahi lider ölkədə siyasi sabitliyin yaradılmasına, Ermənistan tərəfindən aparılan elan olunmamış qanlı müharibənin dayandırılmasına və atəşkəsin təmin edilməsinə nail olub. Vurğulanıb ki, Azərbaycanın müqəddəratının həll edildiyi ən ağır günlərdə üzləşdiyi çətinliklərdən xilas olması, vətəndaş qarşıdurmasının aradan qaldırılması, ictimai-siyasi sabitliyin və inkişafın təmini, dünya birliyində layiqli yer tutması məhz Ulu Öndərin yenilməz iradəsi, böyük ürəkli Vətən oğlunun öz xalqı qarşısında misilsiz fədakarlığı sayəsində mümkün olub. Bəxtiyar Əsgərov qeyd edib ki, böyük Qurtuluşa gedən yol Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvandan başlayıb. Belə ki, ulu öndər Heydər Əliyev 1990-cı il iyulun 22-də Naxçıvana qayıdıb və 1990-1993-cü illərdə burada yaşayaraq fəaliyyət göstərib. Blokadaya salınmış Naxçıvanın ən ağır dövrlərində xalqla birlikdə olan ulu öndər Heydər Əliyev muxtar respublikanın təhlükəsizliyinin qorunmasında böyük əhəmiyyət kəsb edən muxtariyyət məsələsini yenidən gündəmə gətirib, dövlət müstəqilliyinin bərpası istiqamətində tarixi qərarlar qəbul edib. Dahi şəxsiyyətin böyük səyləri nəticəsində Azərbaycanın müstəqilliyinin qorunması yolunda ilk addımlar məhz Naxçıvanda atılıb.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi nəticəsində müstəqilliyimizin və dövlətçiliyimizin əsası qoyulub, Azərbaycan güclü bir dövlətə çevrilib. Ulu öndər Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazılıb. Bu dövr ərzində ümummilli lider Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxarıb. Bu illər ərzində ictimai-siyasi sabitlik təmin olunub, iqtisadi inkişafa geniş meydan açılıb, ölkəyə xarici sərmayələr cəlb edilib, dövlət idarəçiliyi mexanizmi yenidən yaradılıb, nizami ordu qurulub, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirilib, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edilib. Həmçinin dövlətimiz dünya birliyində layiqli yerini tutub, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazanıb. Dünya şöhrətli Prezidentimiz İlham Əliyev Ulu Öndərin siyasi-ideoloji kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin etməklə, Azərbaycanın inkişaf strategiyasını uğurla həyata keçirməklə, müstəqilliyimizi möhkəmləndirməklə, dövlətçiliyimizi qüdrətləndirməklə Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi aydın sabahlara aparır.
Bəxtiyar Əsgərov bildirib ki, tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində böyük Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərib, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul edib. Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin əhəmiyyətli, ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının işığı var. Heydər Əliyev bizim müstəqil ölkənin vətəndaşı olmaq səbəbkarımızdır. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev, eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan verib. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi xadim və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxıb, onun keçdiyi həyat yolu əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.
Bəxtiyar Əsgərov qeyd edib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımız Azərbaycandakı böyük tərəqqinin daha geniş və parlaq müşahidə olunduğu ünvandır. Blokada şəraitində olsa da Naxçıvan yaşayır, sürətlə inkişaf edir. Muxtar respublikanın hər bir şəhəri, qəsəbəsi, kəndi yenidən qurulur, böyük və hərtərəfli tərəqqi işığında nura boyanır. Bütün bunları isə zamanın dahisi, böyük xilaskar Heydər Əliyev siyasətinin təntənəsi hesab etməliyik. Heydər Əliyev siyasəti yolumuza daim işıq saçır, bizi zəfərlərə aparır. Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsi, regionların sürətlə müasirləşməsi, xalqın rifah halının günbəgün yaxşılaşdırılması Milli Qurtuluş Gününün bizlərə bəxş etdiyi bəhrələridir. Odur ki, qədirbilən xalqımız hər zaman Qurtuluş Gününü əziz tutur, bu bayramı böyük sevinc və fərəh hissi ilə qeyd edir. Çünki ulu öndərimiz Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtulub, Milli Qurtuluş yüksək intibaha açılan qapı kimi tariximizdə yeni bir səhifə açıb. Bu səhifə isə bu gün olduğu kimi, gələcəkdə də müstəqil Azərbaycanın əsas inkişaf modeli olacaqdır. Əlbəttə ki, qazanılan bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi Prezident İlham Əliyevin etibarlı əllərindədir.
Sonda böyük Heydər Əliyevin tarixi və milli dövlətçiliyimizi xilası zamanı baş vermiş proseslərdən danışan Bəxtiyar Əsgərov, eyni zamanda, Prezident İlham Əliyevlə birgə bu günə qədərki milli dövlətçilik və inkişaf strategiyasının həyata keçirilməsində əsl vətəndaşlıq mövqeyinə malik Azərbaycanın dövlət xadimi, Yeni Azərbaycan Partiyasının qurucularından biri, Milli Qurtuluşa gedən yolda Ulu Öndərin sədaqətli silahdaşı olmuş ictimai–siyasi xadim və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun xidmətlərini də qeyd edib, onun təkrarsız fəaliyyəti və Naxçıvanın uğurlu inkişafına verdiyi əvəzsiz töhfələrdən söz açıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası da Milli Qurtuluşun işığında böyük inkişaf yolu keçib. Həyata keçirilən sosial-iqtisadi islahatlar, reallaşdırılan böyük layihələr muxtar respublikamıza yeni həyat verib, onu tərəqqiyə qovuşdurub.