İordaniya mətbuatı Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı məqalə yayıb - FOTOLAR
İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyində, aparıcı “Əd-Dustur” qəzetində, eləcə də www.orobanews.com, www.nayrouz.com, www.ammonnews.net, www.nabd.com kimi geniş oxucu kütləsinə malik yerli xəbər portallarında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı məqalə dərc edilib.
Azərbaycan İordaniyadakı səfirliyindən NUHÇIXAN-a bildiriblər ki, məqalədə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi barədə ətraflı bəhs edilir, Azərbaycan xalqının milli birliyini təmin edən bu əlamətdar günün təşəbbüskarının məhz ümummilli lider Heydər Əliyev olduğu qeyd olunur. Bildirilir ki, hər il dekabrın 31-də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bu bayramı təntənəli şəkildə qeyd edirlər.
Yazıda Azərbaycanın regional və beynəlxalq aləmdə böyük nüfuza malik, sürətlə inkişaf edən ölkə olduğu bildirilir. Qeyd edilir ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qısa müddət ərzində dünyadakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Həmçinin Azərbaycanın 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin 155 ölkə tərəfindən dəstəkləndiyi, cari ildə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşünə ev sahibliyi etdiyi və bütün bu göstəricilərin beynəlxalq cəmiyyətin Azərbaycana olan ehtiram və etimadından irəli gəldiyi vurğulanır.
Məqalədə, eyni zamanda, Azərbaycan-İordaniya əlaqələrindən bəhs olunur. Diqqətə çatdırılır ki, İordaniya Haşimilər Krallığının Kralı II Abdullahın bu yaxınlarda Azərbaycana səfəri iki qardaş ölkə arasında mövcud əməkdaşlığın inkişafı istiqamətində böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, Azərbaycan Hökumətinin Haşimilər Krallığının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu ədalətli mövqeyini yüksək dəyərləndirdiyi vurğulanır.