Günnütün işğaldan azad edilməsi kimləri və niyə narahat edir? - FOTOLAR - FOTOLAR
Ermənistan silahlı birləşmələrinin 2016-cı il aprelin ilk günlərində cəbhə xəttində növbəti təxribata əl atması - mövqelərimizə soxulmaq cəhdi işğalçı dövlətin böyük itkilər verməsi ilə nəticələnib. Azərbaycan ordusunun ön xətdə olan birləşmələri erməni təxribatının qarşısını alarkən, əks hücuma keçib, düşmənə sarsıdıcı zərbə vurub, bir sıra ərazilərə, o cümlədən Lələ Təpə kimi bəzi strateji yüksəkliklərə nəzarəti təkrar bərpa edib. Yalnız bu əməliyyatdan sonra işğal altındakı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini təhlükəsiz əraziyə çevirib. Bununla yanaşı, İşğal altındakı Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ümumilikdə 2000 hektardan çox ərazisi düşməndən azad edilib. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu "Horadiz əməliyyatı”ndan sonra Cocuq Mərcanlının düşmən tapdağından azad edilməsi, o kənddə əvvəlki həyatın bərpası üçün görülən işlər Azərbaycan tarixinə şanlı hadisə kimi daxil olub.
Bu günlərdə Azərbaycan Silahlı Qüvvələri xalqımıza daha bir sevinc yaşadıb. “Qızılqaya” dağı və “Qaraqaya” dağlarında yeni mövqelər ələ keçirilib. Dərələyəz mahalının Arpa kəndində (10 sentyabr 1946-cı ildə ermənilər adını dəyişdirərək “Areni” qoyublar) və Mehridərə vadisində düşmən fəaliyyəti nəzarət altına götürülüb. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Bu, böyük hərbi nailiyyətdir.
Məlumat üçün onu da əlavə edək ki, Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Bu hadisədən dərhal sonra ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilib, 50 km-dən artıq yararsız yollar bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub. Bütün bu tədbirlərin ardınca, günnütlülər 26 illik həsrətdən sonra maşın karvanı ilə doğma torpağa qayıdıb, əzizlərinin məzarını ziyarət ediblər.
Təbii ki, müstəqil Azərbaycan tarixində yaşanan bu hadisələr hər bir azərbaycanlı tərəfindən sevinclə qarşılanır. Xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü bu siyasəti, ərazi bütövlüyümüzün təmin olunması istiqamətində nümayiş etdirdiyi prinsipiallığı, siyasi iradəni dəstəkləyir, işğal altındakı torpaqlarımızın mərhələ-mərhələ azad ediləcəyinə şübhə etmir.
Silahlı Qüvvələrimizlə bərabər, sıravi vətəndaşlarımızda da ruh yüksəkliyi, qələbəyə inam hissi daha da artır. Böyükdən-kiçiyə hər kəs işğaldakı torpaqlarımızın hamısının bu yolla tam azad ediləcəyinə inanır. Amma bu hadisələrdən məyus olanlar da var. Onlar işğalçı Ermənistanın siyasi hakimiyyəti, mənəvi-psixoloji ruh düşkünlüyü yaşayan erməni ordusu, düşmən cəmiyyəti və bir də təəssüflər olsun ki, Azərbaycandakı radikal müxalifətdir. Düşmənin narahatlığı başa düşüləndir.
Ancaq "sapı özümüzdən olan baltalar”ın təşvişi, narahatlığı acınacaqlı haldır. 2016-cı ilin aprel döyüşlərindən sonra "bir-iki dərə-təpəyə görə bu qədər insan itkisinə dəyməzdi” deyib, Silahlı Qüvvələrimizin uğuruna kölgə salmaq istəyənlər, indi də Günnüt olayına ləkə yaxmağa cəhdlər edirlər. Konkret olaraq AXCP sədri Əli Kərimli, eləcə də öz Vətəninə dönük çıxıb ermənipərəst dairələrə sığınan keçmiş səfir Arif Məmmədov bu narahatçılığı daha çox yaşayanlardır.
Onların çıxışları, sosial mediada yazdığı statuslar bunu sübut edir. Düzdür, onların bu statuslarına sosial şəbəkə istifadəçiləri öz sərt mövqelərini bildiriblər. Amma Ə.Kərimlinin və A.Məmmədovun bu davranışları bir daha nümayiş etdirir ki, onlar demokrat, müxalifətçi adı altında Azərbaycanın milli-dövlətçilik maraqlarını deyil, işğalçı Ermənistanın, erməni aşnalarının maraqlarını müdafiə edir, düşmən ölkənin dərdini çəkirlər.
Əgər belə olmasaydı, sosial şəbəkənin erməni istifadəçiləri onların yazdıqları statusları skrinşot edib öz səhifələrində tez-tez paylaşmazdılar. Belə yerdə deyiblər ki, görünən dağa nə bələdçi?
Rufik Ismayılov
"Kaspi" qəzeti