Yanvarın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən NUHÇIXAN-a bildiriblər ki, iclasda əvvəlcə 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilər və ötən il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar maraqlı subyektlərin də iştirakı ilə MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Milli Məclisə seçkilərə dair müraciətlər Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra namizədin qeydə alınmaması ilə bağlı müvafiq dairə seçki komissiyalarının qərarları ləğv olunaraq, namizədliyi öz təşəbbüsü ilə irəli sürülən daha iki nəfərin Milli Məclisə seçkilərdə namizədliyinin qeydə alınmasına qərar verilib.
2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərin müzakirəsi zamanı da vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün hərtərəfli və obyektiv araşdırılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Beynəlxalq müşahidə missiyaları və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.