XİN Avropa Parlamentinin Azərbaycanda parlament seçkilərində müşahidəçi qismində iştirak etməyəcəyi ilə bağlı məlumata münasibət bildirib

A- A A+

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Avropa Parlamentinin ölkəmizdə keçiriləcək parlament seçkilərində müşahidəçi qismində iştirak etməyəcəyi ilə bağlı yaydığı məlumata münasibət bildirib.

NUHÇIXAN xəbər verir ki, Leyla Abdullayevanın bununla əlaqədar açıqlamasında deyilir: “Bu il fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı aidiyyəti üzrə Milli Məclis tərəfindən parlament nümayəndə heyətlərinə və üzvü olduğumuz Parlament assambleyalarına, həmçinin Xarici İşlər Nazirliyi tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT, MDB, GUAM, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, QDİƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional təşkilatlara dəvət məktubları göndərilib. Yəni, Azərbaycan tərəfi əsasən üzvü və iştirakçısı olduğu təşkilatlara 9 fevral seçkilərini izləmək dəvəti ilə müraciət ünvanlayıb. Konkret olaraq Avropa Parlamentinin yaydığı məlumata gəldikdə isə, əvvəlcə onu vurğulamaq istərdim ki, Avropa Parlamentinin yaydığı bu məlumatın qurumun seçkiləri müşahidə etməkdən imtina etməsi kimi qiymətləndirilməsi tamamilə yanlışdır. Birincisi, Azərbaycan tərəfi Avropa Parlamentinə belə bir dəvət ünvanlamayıb ki, o da bu dəvətdən imtina etsin. Ümumiyyətlə, qeyd etmək istərdim ki, ölkəmizin Avropa Parlamenti qarşısında hər hansı bir öhdəliyi yoxdur. İkincisi, bu, Avropa Parlamentinin prosedur qaydalarına uyğun olaraq verilmiş, yəni, qurumun müşahidəçi kimi iştirak etmədiyi seçkilərdə üzvlərin şəxsi qisimdə iştirak edəcəyinə dair yayılmış bir məlumatdır.

Qeyd etmək istərdim ki, bütün seçkilər ərəfəsində şəffaflığın təmin olunması məqsədilə seçkilərdə iştirak edən müşahidəçilərin qeydiyyatı ilə bağlı məlumatlar Mərkəzi Seçki Komissiyası tərəfindən mütəmadi qaydada ictimaiyyətə təqdim olunur”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: