İordaniyanın nüfuzlu “əl-Dustur” qəzetində tanınmış jurnalist Mərvan Sudahın Azərbaycan-İordaniya münasibətləri barədə məqaləsi dərc edilib.
NUHÇIXAN xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullah arasındakı şəxsi dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyi vurğulanır. AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanovun “İlham Əliyev. Əli xalqın nəbzində olan islahatçı Prezident” sərlövhəli məqaləsinə istinad edən iordaniyalı jurnalist Kral II Abdullahın dövlətimizin başçısı barədə dediyi fikri diqqətə çatdırır: “Beynəlxalq arenada Siz çox vacib rol oynayırsınız. Sizə regionda və dünyada oynadığınız rolunuza görə təşəkkürümü bildirirəm. Mən Sizin liderliyinizə, ölkəmizə münasibətdə xeyirxahlığınıza və dəstəyinizə hər zaman arxalanıram”.
Kral II Abdullahın ötən il dekabrın 10-da Azərbaycana rəsmi səfərinin yekunlarına toxunan jurnalist keçirilən görüşlərin və imzalanan müqavilələrin ikitərəfli əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyini bildirir. Mərvan Sudah məqaləsində, həmçinin Bakı ilə Əmman arasında birbaşa uçuşların təşkili ilə bağlı əldə edilmiş razılığın əhəmiyyətini vurğulayır.