Müdafiə naziri: Azərbaycan Ordusunun sərəncamında olan silahlar düşmən üzərində qələbəni tam təmin etməyə imkan verir - FOTOLAR

A- A A+

Yanvarın 11-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik, birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb, döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə cari ildə müxtəlif səviyyələrdə döyüş atışlı təlim və praktiki məşqlərin sayının və effektivliyinin artırılmasını əmr edib.

Nazir döyüş hazırlığını təmin edən müxtəlif ixtisaslı hərbi qulluqçuların peşəkar hazırlığının keyfiyyətli təşkili məqsədilə müvafiq təlim-maddi bazanın təkmilləşdirilməsi, bu kateqoriyadan olanlarla mütəmadi toplantıların keçirilməsi, qoşunların davamlı və dayanıqlı idarə olunmasının vəziyyətini müəyyənləşdirmək üçün hərbi hissələrdə qəfil yoxlamaların əmr və direktivlərə uyğun aparılmasını, eləcə də şəxsi heyətin təlim-tərbiyəsinin, nizam-intizamının daim nəzarətdə saxlanılmasını tələb edib.

Cəbhədəki mövcud əməliyyat şəraitini təhlil edən Müdafiə naziri Əlahiddə Ümumqoşun Ordunun və düşmənlə təmas xəttində yerləşən digər hərbi hissələrin döyüş qabiliyyətini yüksək qiymətləndirərək, cari ildə də bu istiqamətdə görüləcək tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Azərbaycan Ordusunun sərəncamında olan silahların düşmən üzərində qələbəni tam təmin etməyə imkan verdiyini deyən nazir Ermənistan silahlı qüvvələrinin bölmələrinin ehtimal olunan aktivliyinin qarşısının dərhal və daha üstün silahların tətbiq edilməsi ilə alınması məqsədilə adekvat tədbirlərin görülməsini tapşırıb.

Müdafiə naziri qış mövsümü ilə əlaqədar əsgər yataqxanaları və digər obyektlərin qızdırılmasının təmin olunması, hərbi qulluqçular, o cümlədən gənc əsgərlərin daim tibbi nəzarətdə saxlanılması məqsədilə profilaktiki tədbirlərin görülməsi və şəxsi heyətin məişət şəraitinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq vəzifəli şəxslərə tapşırıqlar verib.

Ötən ildə hərbi qulluqçuların xidməti fəaliyyətinin və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xeyli sayda hərbi obyektlərin istifadəyə verildiyini, bu işlərin cari ildə də davam etdiriləcəyini nəzərə çatdıran Müdafiə naziri Ali Baş Komandanın tapşırığına əsasən 2021-ci il də daxil olmaqla, Azərbaycan Ordusunun bütün infrastrukturunun yenilənməsi prosesinin tam başa çatdırılacağını bildirib.

Müşavirənin sonunda Müdafiə naziri 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın tələblərindən irəli gələn tapşırıqların icrası ilə əlaqədar hərbi hissələrdə keçiriləcək tədbirlərlə bağlı müvafiq göstərişlər verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: