Yanvarın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, iclasda 2019-cu il dekabrın 23-də Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunları ilə bağlı məsələyə baxılıb. Bundan başqa, iclasda bu il fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlər nəzərdən keçirilib. 41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə namizəd Murad İlqar oğlu Rəhimlinin müraciəti müzakirə olunub. MSK üzvləri namizədin müraciətini qəbul ediblər.
İclasda bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun, azad, ədalətli və şəffaf şəkildə keçirilərək ölkəmizin tarixinə əlamətdar hadisələrdən biri kimi yazıldığı qeyd olunub. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün MSK və aidiyyəti dövlət qurumları tərəfindən Seçki Məcəlləsində nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin icrasına xüsusi diqqətlə yanaşıldığı bildirilib.