Yanvarın 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, əvvəlcə komissiyanın 6 yanvar tarixli iclasının protokolu təsdiq olunub. Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvün təsdiq olunmasına qərar verilib.
İclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il fevralın 9-na təyin olunmuş seçkilərdə səlahiyyətli nümayəndəsinin səlahiyyətinə xitam verilməsi ilə bağlı Vəhdət Partiyasının müraciətinə də baxılıb və sözügedən partiyanın müraciəti təmin edilərək səlahiyyətli nümayəndənin qeydiyyatı ləğv olunub, ona verilən lövhəcik etibarsız hesab edilib.
Komissiyanın iclasında, həmçinin qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətə baxılıb. Müraciət maraqlı subyektin də iştirakı ilə komissiyanın iclasında geniş müzakirə olunduqdan sonra müvafiq qərar qəbul edilib.
Beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib və cari məsələlərə də baxılıb.