Milli Məclisə seçkiləri müşahidə etmək istəyənlər üçün qeydiyyat prosesi yanvarın 30-dək davam edəcək
Fevralın 9-da Azərbaycanda Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək istəyənlər üçün qeydiyyat prosesi davam edir.
NUHÇIXAN “Seçki-2020” Müstəqil Media Mərkəzinə istinadla xəbər verir ki, bu proses Seçki Məcəlləsinin 1.1.19, 1.1.20, 40.4, 40.6, 44-cü maddələrinə əsasən tənzimlənir.
Aktiv seçki hüququna malik Azərbaycan vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq müşahidəçilər qanunla müəyyənləşdirilmiş qaydada, Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə bütün seçki dairələrində müşahidə apara bilərlər.
Ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək davam edir.
Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planına görə, proses 2020-ci il yanvarın 30-dək davam edəcək.