ABŞ-ın paytaxtı Vaşinqtonda “Bakıda 20 Yanvar faciəsi və Azərbaycanın müstəqilliyinin üç onilliyi” adlı tədbir keçirilib.
NUHÇIXAN xəbər verir ki, ABŞ-ın dövlət qurumlarının, Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələrinin qatıldığı tədbirdə çıxış edən ölkəmizin ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov 20 Yanvar faciəsinin xalqımıza qarşı cinayət olduğunu xatırladıb, faciə nəticəsində müxtəlif dinlərə və xalqlara məxsus çoxsaylı günahsız insanın qətlə yetirildiyini bildirib. Vurğulayıb ki, dinc əhaliyə qarşı törədilmiş bu amansız cinayət Azərbaycan xalqını qətiyyən qorxutmayıb, hətta onun müstəqillik iradəsini daha da möhkəmləndirib, milli müstəqilliyini bərpa etmək əzmini dönməz edib. Bildirilib ki, Azərbaycan övladları faciədən sonra da mübarizələrini qətiyyətlə davam etdirib və müstəqilliyə nail olublar. Bunun bariz nümunəsi isə ümummilli lider Heydər Əliyevin yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəlinə gələrək mətbuat konfransı keçirməsidir. Ümummilli Liderin həmin vaxt bu faciənin təfərrüatlarını ictimaiyyətə çatdırması, onu törədənlərin cəzalandırılmasını tələb etməsi xalqımızın haqq işində mübarizəsini davam etdirməyə yönələn çağırış idi.
Qeyd edilib ki, 20 Yanvar şəhidləri arasında müxtəlif dinlərin və xalqların nümayəndələrinin olması Azərbaycan xalqının birliyini və həmrəyliyini, xarici qüvvələrə qarşı birgə mübarizə aparmasını nümayiş etdirir. Hazırda Prezident İlham Əliyevin siyasətinin əsasını dövlətçiliyimiz və müstəqilliyimizin qorunması və daha da möhkəmləndirilməsi təşkil edir.
Sonra çıxış edən tanınmış alim Frederik Star Azərbaycan xalqına qarşı törədilmiş cinayəti tarixi kontekstdən izah edib, 20 Yanvar faciəsi ilə yanaşı, ölkəmizə qarşı yönəlmiş digər təxribatlar barədə söz açıb. Bildirib ki, 20 Yanvar faciəsindən sonra sovet hakimiyyəti mənəvi əsasını və legitimliyini itirib. Regiondakı proseslər sovet hakimiyyətinin sonunu gətirib, bölgədə, o cümlədən Azərbaycanda yeni dövrün əsasını qoyub. F.Star qeyd edib ki, 20 Yanvar faciəsindən sonra Azərbaycan xalqının özünün müstəqillik əzmini daha da gücləndirməsi digər xalqların da müstəqillik yoluna işıq salıb.
Tədbirin bədii hissəsində tanınmış pianoçu Nərgiz Əliyarova və istedadlı skripkaçı Azər Dəmirov 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər. Konsertdə Azərbaycan musiqisi və dünya klassiklərinin əsərləri ifa olunub.
Sonda 20 Yanvar şəhidlərinin xatirəsinə ehsan süfrəsi açılıb.