Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir açıq elan edildikdən sonra torpaqlarımız uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar günü xalqımızın öz azadlığı,suverenliyi uğrunda apardığı mübarizə tarixinin şərəfli bir səhifəsidir. Azərbaycan xalqının qəhrəmanlıq,mübarizlik tarixi kimi yaddaşlara həkk olunmuşdur. 30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş bu mənfur cinayət əməli,əslində,bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş açıq,dəhşətli terror aktı idi".- deyən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov 20 yanvar hadisələri ilə bağlı ərtaflı çıxış edib. Bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə danışan daimi nümayəndəliyin rəhbəri bildirib ki, Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm də unudulmaz qəhrəmanlıq səhifəsi kimi yaşayıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet hakimiyyətinin qəddar rəhbərlərinin əmri ilə, qana susamış Sovet ordusunun qoşunları qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına yeridilmiş, tanklar və digər ağır hərbi texnikadan istifadə edilməklə, dinc əhali atəşə məruz qoyulmuş, silahsız mülki şəxslər, o cümlədən uşaqlar, qadınlar və yaşlı insanlar hərbi gəmilərlə gətirilmiş desant qrupları tərəfindən amansızcasına öldürülmüşdür. Bütün bunlar beynəlxalq hüquq normalarının, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının, fundamental insan hüquqlarının kobudcasına pozulması, ayaqlar altına atılması demək idi. 1990-cı il 20 yanvar hadisələrində doğma yurdunun müstəqilliyi, azadlığı və öz hüquqları uğrunda müdafiəyə qalxmış Azərbaycan xalqına qarşı, əslində, insanlıq əleyhinə qatı cinayət törədilmişdir-desək, daha doğru olar. Bütün bunlara baxmayaraq, bu qanlı cinayət aktı, qəlbi müstəqillik həsrəti ilə döyünən vətəndaşlarımızın, insanların azadlıq eşqini söndürə bilmədi və xalqımız canı, qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşdu.
Bəxtiyar Əsgərov qeyd edib ki, fədakar xalqımız o günlərdə böyük bir həqiqəti mahiyyəti ilə dərk etdi ki,vətənin,millətin bu ağır günlərində inanılmış bir liderə,onun rəhbərliyinə,xalqla birlikdə meydanlarda olmasına və xalqımızı düşdüyü bəlalardan qurtarmasına böyük ehtiyac var. O müdhiş günlərdə dünyaca tanınmış şəxsiyyət Heydər Əliyevin-böyük liderin Azərbaycana bir daha nə qədər gərəkli olduğunu qədirbilən xalqımız ən böyük həqiqət kimi dərk edirdi. 20 Yanvar faciəsi günlərində xalqının səsinə hər kəsdən birinci səs verən də məhz ulu öndərimiz Heydər Əliyev oldu. Ümummilli liderimiz o zaman Moskvada hələ xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı o zamankı daimi nümayəndəliyinə gəldi, bu qanlı təcavüzə qarşı kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən SSRİ-nın rəhbəri M.S.Qorbaçovu kəskin şəkildə ittiham etdi, qoşunların dərhal Bakıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ dağılmadığı bir vaxtda onu və bu İttifaqın başçısını paytaxt Moskvanın özündə belə sərt şəkildə tənqid etmək, sözün əsl mənasında, millət fədaisi olmaq, böyük hünər və cəsarət tələb edirdi.
Bununla da, ulu öndər Heydər Əliyev və oğlu İlham Əliyev hər şeydən əvvəl vətən, xalq qarşısında təmənnasız olaraq vətəndaşlıq və milli mövqe nümayiş etdirmiş oldular. Xalqımızın böyük oğlu Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də 20 yanvar faciəsinə verilən ilk siyasi qiymət idi. Ümummilli liderimiz 1990-cı ilin 20 Yanvar hadisələrində canından keçmiş,əbədi yaşamaq hüququ qazanmış Vətən oğullarımızın fədakarlığını yüksək qiymətləndirərək demişdir: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəslləri də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda xalqımızın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il fevral ayında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların Sovet qoşunları tərəfindən qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət aktı kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib. “Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı ilin yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”, - deyən ümummilli liderimizin layiqli və ləyaqətli davamçısı,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən,onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə çox mühüm tədbirlər həyata keçirilir.
Hər bir xalq özünün xoşbəxt gələcəyini qurmaq, müstəqilliyini əbədi etmək üçün daim qan yaddaşını təzələməli, tarixi keçmişini,tarixində baş vermiş hadisələri dərindən bilməli və keçmişdə baş verənlərdən ibrət dərsi götürməlidir. Bu mənada,müstəqil Azərbaycan da Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanlarının xatirəsinin əziz tutulması ilə qürur duyur. Bu gün müstəqil Azərbaycan 20 Yanvar faciəsini xalqımızın azadlıq uğrunda mübarizə tarixinin iftixar doğuran şanlı səhifəsi kimi qeyd edir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, respublikamızda şəhidlərin, o cümlədən 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial-məişət,həyat şəraitinin yaxşılaşdırılması istiqamətində hər il davamlı tədbirlər həyata keçirilir. Eyni zamanda, 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslər də hər zaman dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Şəhidlərimizin qəhrəmanlığı şair və yazıçılarımızın qələmə aldıqları əsərlərdə yüksək səviyyədə tərənnüm edilir. Bu gün paytaxt Bakıda, həmçinin respublikanın digər bölgələrində yerləşən şəhər və qəsəbələrdə çox sayda küçə, prospekt, məktəb qürurla vətənimiz Azərbaycan uğrunda canından keçmiş əziz şəhidlərimizin adını daşıyır. Hər il respublikamızın bütün bölgələrindən milyonlarla insan Bakıdakı Şəhidlər xiyabanına gələrək Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş oğul və qızlarımızın xatirəsini yad etməyi özlərinə mənəvi borc hesab edirlər. Bu isə o deməkdir ki, nə qədər ki,müstəqil Azərbaycan var,xalqımız yaşayır,şəhidlərimizin əziz xatirəsi, onların amalları da yaşayır və bundan sonra əbədi yaşayacaq.”
Daimi nümayəndəliyin rəhbəri bildirib ki; “İllər,qərinələr,əsrlər keçsə də, 20 Yanvar faciəsi heç vaxt yaddan çıxmayacaq, həmişə xatırlanacaqdır. Azərbaycanın şanlı tarixinə qanla yazılmış bu gün ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərmişdir. Şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın,müstəqilliyimizin, dövlət quruculuğumuzun, qüdrətli Azərbaycanın bünövrəsinin qoyulduğunu gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqlar.
20 yanvar günü hər il olduğu kimi,bu il də Naxçıvan Muxtar Respublikasında ümumxalq hüzn günü kimi insanların şəhər və rayonlarda ucaldılmış və müqəddəs ziyarətgaha çevrilmiş 20 yanvar abidələri önündə toplanması və izdihamlı tədbirlərin keçirilməsi ilə qeyd ediləcək, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bu sahədə imzaladığı müvafiq Sərəncama uyğun olaraq, muxtar respublikanın hər yerində, mərkəzi icra hakimiyyəti orqanlarında, idarə və müəssisələrdə, bütün xidmət sahələrində 20 yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər həyata keçiriləcək. Muxtar respublikanın elm, təhsil, mədəniyyət və digər humanitar sahələrə aid mərkəzlərində faciəyə həsr olunmuş əsərlər, kitablar, qəzetlər, jurnallar və rəsm əsərləri sərgilənəcək,humanitar aksiyalar həyata keçiriləcək. Prezident İlham Əliyevin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursunun muxtar respublikada cənab Vasif Talıbov tərəfindən dönmədən həyata keçirilməsi sayəsində əldə olunan davamlı fəaliyyət uğurlarının nəticəsi kimi qeyd etmək olar ki, bu gün Naxçıvanda vətənə, torpağa, xalqa bağlılığı tərənnüm edən hər bir işin-vətən uğrunda vuruşaraq ,döyüşərək əlil olmuş şəxslərə mənzillərin, maşınların hədiyyə edilməsindən tutmuş,bu qəbildən olan muxtar respublika sakinlərinin sosial-məişət problemlərinin həllinə qədər görülən bütün işlərin,rahatlıq üçün salınan yolların,tikilən kənd mərkəzlərinin,yeniləşən,müasirləşən hər yerin, bir sözlə, ucaldılan möhtəşəm abidələrin, bu sahədə həyata keçirilən bir çox fəaliyyət proqramlarının gələcəyə ümid,inam və etibar hissinin möhkəmləndirilməsində, xalqımızda, xüsusilə, gənc nəsillərdə böyük gələcəyə inam hissinin aşılanmasında, milli yaddaşın qorunub saxlanılmasında məhz cənab Sədrin qeyd etdiyi kimi ayrıca mövqeyi,yeri vardır:“Azərbaycan xalqının mübarizə tarixi,xüsusilə,20 Yanvar şəhidlərinin qəhrəmanlığı gənc nəsillər üçün əsl vətənpərvərlik dərsidir".
Sonda Bəxtiyar Əsgərov Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin fədakar və inamlı daxili və xarici siyasəti nəticəsində xalqımızın ən ağrılı yeri olan Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin də tezliklə ədalətli mübarizəmizin uğurlu nəticəsi kimi həll ediləcəyinə ümidini ifadə edib. İllərdir ki,işğal altında olan doğma torpaqlarımızın tezliklə geri qaytarılacağına,haqqın,ədalətin bərqərar olacağına xalqımızın tükənməz inamının əsas verdiyini,buna qətiyyən şübhə olmadığını qeyd etmişdir. Naxçıvanda düşmən üzərində əldə edilmiş hərbi uğurlarımızın, on bir min hektardan çox vətən torpağının düşmən tapdağından azad edilməsinin, yaxın gələcəkdə bütün işğal edilmiş ərazilərimizdə bu uğurların davam etdiriləcəyi və xalqımızın düşmən üzərində inamlı qələbəsinin uzaqda olmadığı qətiyyətlə vurğulanıb.
Tədbir digər çıxışlar və bədii kompozisiya ilə davam etdirilib.