Hikmət Babaoğlu: Serj Sarkisyanın hakimiyyətdən qovulması hərbi–xunta rejiminin həyata keçirdiyi siyasətin məntiqi sonluğu idi
Qatil Sarkisyanın hakimiyyətdən qovulması hərbi–xunta rejiminin həyata keçirdiyi siyasətin məntiqi sonluğu idi. Ancaq məsələ bununla bitməyəcək.
Serj Sarkisyan və onun quldur dəstəsi illərdir diktatura rejimi quraraq Ermənistanın bütün resurslarını istismar edirdi. Minlərlə etirazçı bunun hesabatını tələb edəcək. Hazırda Ermənistanda yaratdıqları sistemli korrupsiya maşını hesabına təkcə büdcəni deyil, hətta erməni diasporu tərəfindən göndərilən ianələri belə mənimsəyən soyğunçu oliqarxiya Sarkisyanla bərabər hazırlıqsız yaxalanıb və ölkədən qaçmaq üçün yollar axtarırlar. Ancaq bu o qədər də sadə məsələ deyil.
NUHÇIXAN-ın məlumatına görə ,bu fikirləri Milli Məclisin deputatı “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, əgər S.Sarkisyan oliqarxiyası əlindəki korrupsiya kapitalını ölkədən çıxararsa, Ermənistanın çox zəif olan iqtisadiyyatı bir daha iflic olar, ona görə də etirazçılar buna yol verməməyə çalışacaqlar.
Deputat bildirib ki, artıq Ermənistanda hamı Dağlıq Qarabağ münaqişəsini siyasi istismar mövzusuna çevirməklə hakimiyyətdə qalmaq siyasətinin mümkünsüzlüyünü dərk edir. Çünki Aprel döyüşlərindən sonra işğalçılıq siyasətinin daimi olacağına inananların sayı hər gün bir az da azalır. Sarkisyan rejiminin hakimiyyətini təmin edən başlıca amil kimi, Ermənistanın daxili auditoriyaya qalib ölkə kimi təqdim edildiyi işğalın daimi olacağı inamı təlqin edilirdi.
O deyib: “Bugünkü reallıq ondan ibarətdir ki, işğalçılıq siyasəti Ermənistanı faktiki blokada vəziyyətinə salıb, sosial–iqtisadi vəziyyət böhran həddindədir, işsizlik, yoxsulluq baş alıb gedir, olduqca ciddi demoqrafik vəziyyət yaranıb, ölkə bütün beynəlxalq və regional layihələrdən kənarda qalıb. Ermənistanın ənənəvi tarixi dostları belə Azərbaycanın çevik və effektiv diplomatiya strategiyası sayəsində ölkəmizin tərəfdaşlarına çevriliblər”.
Baş redaktor bildirib ki, bu cür işğalçılıq siyasəti ilə regionda mövcud olmaq sadəcə mümkünsüz hala gəlib. Hikmət Babaoğlu Sarkisyanın istefasının xilas üçün yeganə çıxış yolu kimi göründüyünü və ermənilərin də bunu dərk etdikləri üçün radikal etiraz yolu tutduqlarını diqqətə çatdırıb.
H.Babaoğlu Sarkisyanın Xocalı soyqırımına görə cəzalandırılması fikrinə də aydınlıq gətirib. O qeyd edib ki, bu cani Avropanın beynəlxalq təşkilatları qarşısında törətdiyi cinayəti etiraf edib. Bu, kifayətdir ki, daim insan hüquqlarından, ədalətdən danışan avropalılar Azərbaycanın tələblərinə obyektiv cavab verib hərbi tribunal qursunlar, Balkanlarda soyqırımı törədən hərbi-siyasi caniləri cəzalandırdıqları kimi, qatil Sarkisyanı da cəzalandırsınlar. “Əlbəttə, Azərbaycan Sarkisyanın beynəlxalq hərbi tribunala cəlb edilməsi üçün əlindən gələni edəcək”, - deyə deputat vurğulayıb.