NUHÇIXAN xəbər verir ki, yanvarın 16-da Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək deyib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik tarixinin şanlı səhifəsidir. Yanvarın 19-dan 20-nə keçən gecə qurbanlar verməsinə baxmayaraq, Azərbaycan xalqı milli azadlıq uğrunda mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirib. Qeyd olunub ki, 20 Yanvar faciəsinə ilk dəfə xalqımızın ümummilli lideri Heydər Əliyev öz etirazını bildirib. Ulu öndər bütün təzyiqlərə baxmayaraq, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində bəyanatla çıxış edərək etirazını bildirib, hadisəni törədənləri ittiham edərək günahkarların cəzalandırılmasını tələb edib.
Diqqətə çatdırılıb ki, ulu öndər Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə müstəqilliyimiz üçün mühüm qərarlar qəbul edib, ilk dəfə 20 Yanvar faciəsinə siyasi qiymət verib. Dahi rəhbər ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi qiymət verilib, 20 Yanvar “Ümumxalq Hüzn Günü” elan edilib, “20 Yanvar şəhidi” fəxri adı təsis olunub, Bakı şəhərindəki Şəhidlər xiyabanı yenidən qurularaq xalqımızın müqəddəs and yerinə çevrilib. Baş konsul ulu öndərin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi və onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən də danışıb.
Mərasimdə 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib, hazırlanan fotostendlərə baxış olub, iştirakçılara əyani vəsaitlər paylanılıb, ehsan süfrəsi açılıb.
İran İslam Respublikası Şərqi Azərbaycan Valiliyinin Siyasi və Seçki Məsələləri Baş İdarəsinin rəis müavini Əyyub Ağacanzadə, Şərqi Azərbaycan Vilayətinin Baş Mədəniyyət və İslami İrşad İdarəsinin baş direktorunun birinci müavini Əli Piruzməneş, Şərqi Azərbaycan Vilayəti Mətbuat Evinin rəhbəri Murtəza Şəfii, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri Əkbər İsazadə və nümayəndəliyin əməkdaşları, Türkiyə Respublikasının Təbrizdəki Baş konsulu Hüseyn Güngör və konsulluğun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və kütləvi informasiya vasitələrinin əməkdaşları tədbirdə iştirak ediblər.
Təbriz şəhərində nəşr olunan “Sərir Azərbaycan” qəzetinin 14 yanvar tarixli nömrəsində “20 Yanvar Azərbaycan Respublikasında Ümumxalq Hüzn Günüdür” başlıqlı məqalə dərc edilib.