Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?

A- A A+

Yanvarın 17-dən etibarən deputatlığa qeydə alınmış namizədlərin seçkiqabağı təşviqatına start verilib.

NUHÇIXAN xəbər verir ki, secki-2020.az saytı təşviqat zamanı deputatlığa qeydə alınmış namizədlərin qanun çərçivəsində hansı fəaliyyət göstərəcəyi barədə araşdırma aparıb.

Seçkiqabağı təşviqat Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun aparılır. Konstitusiyanın 47-ci maddəsində göstərilir ki, hər kəsin fikir və söz azadlığı var. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir.

Seçki Məcəlləsinin 74.2-ci maddəsi seçkiqabağı təşviqatın hansı üsullarla aparıla biləcəyini müəyyənləşdirir.

Seçkiöncəsi təşviqat kütləvi informasiya vasitələri ilə aparıla bilər. Bundan başqa kütləvi tədbirlərin (yığıncaqlar və vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və s.) keçirilməsi yolu ilə də təşviqatın aparılmasına qanunla icazə verilir. Seçkiqabağı təşviqat, həmçinin aşağıdakı formalarda da aparıla bilər.

Çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu və qanunla qadağan edilməyən digər üsullarla.

Kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqat açıq müzakirələr, dəyirmi masalar, mətbuat konfransları, müsahibələr, çıxışlar, siyasi reklamlar, tele və radio verilişlər, videofilmlər formasında və qanunla qadağan edilməyən digər formalarda həyata keçirilir.

Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu seçkiqabağı təşviqatın forma və üsullarını müstəqil müəyyənləşdirir.

Seçki Məcəlləsinin 74.4-cü maddəsi seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması qadağan edilən şəxslərin siyahısı ilə bağlıdır.

Öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara, seçki komissiyalarına, seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinə və digər vəzifəli şəxslərinə təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması qadağan edilir.

Bu Məcəllə ilə seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət edilməsinə nəzarəti Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış və əsasən jurnalistlərdən ibarət olan mətbuat qrupu həyata keçirir.

Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının seçki fondlarına könüllü ianə ayırmaq, yaxud natura şəklində və ya xidmət göstərilməsi yolu ilə yardım etmək aşağıdakılara qadağan edilir:

Xarici dövlətlərə və xarici hüquqi şəxslərə, xarici vətəndaşlara, vətəndaşlığı olmayan şəxslərə, 18 yaşına çatmamış vətəndaşlara, seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxsinin nizamnamə kapitalında bu Məcəllənin 90.2.1, 90.2.2 və 90.2.3-cü maddələrində göstərilən şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, Azərbaycan Respublikasının hüquqi şəxslərinə, beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara, dövlət hakimiyyəti orqanlarına və bələdiyyə qurumlarına, dövlət, bələdiyyə təşkilatlarına və idarələrinə, seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə, hərbi hissələrə, xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara, anonim ianə köçürənlərə.

Anonim ianə dedikdə, vətəndaş üçün - soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyasını, nömrəsini, verilmə tarixini, yaşayış yerinin ünvanını, doğum tarixini, hüquqi şəxs üçün - vergiödəyicisinin eyniləşdirmə nömrəsini, adını, qeydiyyat tarixini, bank rekvizitlərini, nizamnamə kapitalında dövlət və ya bələdiyyə payının olmasını, olduğu halda miqdarını, nizamnamə kapitalında xarici kapitalın pay miqdarını göstərməyənlər və ya qeyri-düzgün göstərənlər başa düşülür. Bu barədə Seçki Məcəlləsinin 90.2-ci maddəsində qeyd olunub.

Qeyd edək ki, təşviqat kampaniyası fevralın 8-dək davam edəcək. Azərbaycanda Milli Məclisə seçkilər isə fevralın 9-da keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: