NUHÇIXAN xəbər verir ki, Tacikistanın “Faraj” qəzetində və eyniadlı saytda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan “Azərbaycanın müstəqilliyi, azadlığı və bölünməzliyi” adlı məqalə dərc edilib.
Məqalədə 20 Yanvar faciəsinin tarixi, digər postsovet ölkələrində müstəqillik uğrunda mübarizəyə təsiri barədə məlumat verilir.
Müəllif 20 Yanvar faciəsinin Azərbaycan tarixindəki yerindən bəhs edir və Azərbaycan xalqının bu hadisə ilə bağlı həm kədərləndiyini, həm də qurur hissi keçirdiyini vurğulayır. Yazıda 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin həlledici mərhələsi kimi səciyyələndirilir, Azərbaycan xalqının ölkənin azadlığı uğrunda həyatını fəda etmiş şəhidlərin xatirəsini uca tutduğu və bu günlərdə 20 Yanvar şəhidlərinin dəfn olunduğu Şəhidlər Xiyabanını saysız-hesabsız insanın ziyarət etdiyi vurğulanır.
Daha sonra məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək oradan bu amansız qırğını tənqid etdiyi, Bakıda cərəyan edən hadisələr ətrafında yaranmış informasiya blokadasını yardığı və keçmiş SSRİ rəhbərliyinin planlarını alt-üst etdiyi vurğulanır.
Yazıda bildirilir ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının mübarizə əzmini qıra bilməyib, əksinə, xalqı azadlıq və müstəqillik uğrunda daha sıx birləşdirib. Bu azadlıq mübarizəsi isə 1991-ci ildə Azərbaycanın müstəqilliyini yenidən əldə etməsi ilə nəticələnib.