Yaponiyada fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar sosial şəbəkələrdə yapon dilində məlumatlar yayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə AZƏRTAC-ın Yaponiyadakı bürosuna Mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər deyib. Bildirib ki, məlumatın yerləşdirilməsində əsas məqsəd yapon ictimaiyyətini 30 il əvvəl sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi cinayət barədə obyektiv məlumatlandırmaqdır.
Məlumatda qeyd edilir ki, bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, buna demokratik yollarla nail olmaq istəyən, azadlıq, suverenlik arzusunda olan Azərbaycan xalqının iradəsini qırmaq idi. Əliyalın əhaliyə qarşı törədilən bu faciə Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv etmək məqsədi daşıyan hiyləgər planın tərkib hissəsi idi. Həmin vaxt Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda və Azərbaycanın rayonlarında “erməni kartı”nı işə salmış, xüsusi xidmət orqanları tərəfindən törədilən təxribatlardan məharətlə istifadə etmişdi.
Sovet rəhbərliyinin cinayətkar siyasətinin mahiyyətini faciə zamanı həlak olanlar barədə məlumatların təhlili də təsdiq edir. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda və rayonlarda həyata keçirdikləri qırğınlarda 150 nəfər öldürülüb, 700-dən çox insan yaralanıb. Öldürülənlər arasında beş millətin nümayəndəsi, 20-dən çox qadın, uşaq var idi, xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulub, həkimlər qətlə yetirilmişdi.
Bildirilir ki, həmin vaxt Azərbaycan paytaxtında və rayonlarda baş vermiş faciəvi hadisələr həm də, milli-azadlıq uğrunda mübarizənin qəhrəmanlıq səhifəsi kimi xalqımızın yaddaşına əbədi həkk olub. Bu hadisələr faciə olmaqla yanaşı, eyni zamanda, Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin unudulmaz səhifəsidir.
Vurğulanır ki, ulu öndər Heydər Əliyev bu qanlı hadisələr vaxtı həyatını təhlükəyə ataraq Azərbaycan SSR-in Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək baş verən faciədə keçmiş SSRİ-nin və Azərbaycanın o zamankı rəhbərliyinin günahkar olduğunu bəyan etmişdi.
Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra da bu məsələni yenidən gündəmə gətirmiş, 20 Yanvar hadisələrinin siyasi və hüquqi qiymətini alması üçün ciddi addımlar atmışdı. Məhz Ulu Öndərin Sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olunub.
Məlumatda qeyd edilir ki, Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da yaxşılaşdırılır.
Bildirilir ki, Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şanlı salnaməsinə çevrilib. Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin və milli birliyimizin rəmzi kimi bundan sonrakı nəsillər üçün də bir qürur mənbəyi olaraq qalacaq.
Məlumatda faciənin əks olunduğu fotolara da geniş yer verilib.