20 Yanvar:Xalqımızın qəhrəmanlıq tarixi

A- A A+

Bakıda sovet ordusu tərəfindən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı kütləvi qırğın törədilmişdir. Bu, Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Ozamankı SSRİ rəhbəri Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “erməni kartı”ndan məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu, imperiyanın növbəti qəddarlığını ört-basdır etmək üçün qabaqcadan hazırlanmış iftiralar və böhtanlar idi. 20 Yanvar faciəsi zamanı 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər yaralanmış və xəsarət almış, 841 nəfər qanunsuz həbs edilmişdir.         

Bu qanlı terrora qədər artıq Naxçıvanın Ermənistanla sərhədində ermənilər Sovet qoşunlarının köməyi ilə muxtar respublikaya hücuma keçmişdilər. Bakıda və Azərbaycanın digər bölgələrində sovet ordusunun törətdiyi qanlı cinayətlərlə Naxçıvana erməni hücumunun zaman etibarı ilə üst-üstə düşməsi hadisələrin eyni mərkəzdən idarə olunduğunu sübut edirdi. Sədərəyi qoruyan könüllülər oldu. Həmin gün 8 şəhid verildi. Erməni quldurları Naxçıvan torpaqlarını ələ keçirmək məqsədilə 1990-1993-cü illərdə dəfələrlə Sədərəyə hücum ediblər. Daha dəqiq desək, bu qısa müddətdə Sədərəkdə 14 dəfə qanlı döyüş olub. Həmin döyüşlərdə 108 nəfər şəhidlik zirvəsinə ucalıb.

Bu dövrdə Naxçıvanda baş verən hadisələri ulu öndər Heydər Əliyev belə dəyərləndirmişdir: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan 8 saat əvvəl sovet qoşun birləşmələri və erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikasına hücum etmiş, qan tökülmüş və erməni quldur dəstələri Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal etmişdir. Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə Azərbaycanı Naxçıvanla bağlayan dəmiryol xətləri və avtomobil yolları kəsilmiş, Naxçıvana Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq taleyi qismət olmuşdur. Məhz belə ağır şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdi və onun muxtariyyət statusunu qoruyub saxladı. Milli istiqlaliyyət uğrunda mübarizə yollarında o zaman Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanaraq dəstəkləndi və respublikada gedən siyasi proseslərə öz müsbət təsirini göstərdi”.

20 Yanvar faciəsinə – bu qanlı terror aktına ilk dəfə öz etirazını bildirən ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Ulu öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirmiş, bu cinayəti pisləmiş, əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi kəskin ittiham etmişdi. Görkəmli dövlət xadimi Bakıda törədilən qanlı faciənin təşkilatçılarını cinayətkar adlandırmış və aksiyanı törədənlərin məsuliyyətə cəlb edilməsini qətiyyətlə tələb edərək demişdi: “Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm”.

Onu da xüsusi vurğulamaq lazımdır ki, SSRİ-nin hələ hökmünü sürdürdüyü vaxtda ölkəni və onun başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ancaq ulu öndərimiz öz bəyanatında açıq şəkildə ozamankı SSRİ rəhbərinin birbaşa göstərişi ilə tökülən qanlara etirazını, insanların azadlıq istəyinin məhv edilməsinin mümkünsüzlüyünü bildirmiş, ağır günlərdə xalqının yanında olduğunu bir daha sübut etmişdir. Xalqımızın böyük oğlunun bu bəyanatı bütün dünyada geniş əks-səda doğurmuşdur.

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının ən çətin anında Moskvadan doğma Vətəninə qayıdanda Azərbaycan çox ağır günlərini yaşayırdı. Respublikamız parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Xalqımızın böyük oğlu Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Azərbaycanda da onu xalqa zidd hakimiyyət tərəfindən bir o qədər təzyiq və hədələr gözləyirdi. Buna baxmayaraq, ulu öndərimiz Vətənə döndü. Böyük siyasətçinin öz xalqına olan sevgisi, xalqın da ümummilli liderimizə inamı məkrli qüvvələrin arzularını ürəklərində qoydu.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında ümummilli liderimiz tərəfindən hazırlanan və onun təşəbbüsü ilə qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərarda ilk dəfə olaraq yanvar hadisələrinə siyasi qiymət verilir, törədilən qırğının təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilirdi. Qərarda deyilirdi: “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakıda baş vermiş hadisələrə münasibətini bildirərək qeyd edir ki, sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri Bakı şəhərini işğal etmiş, dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədərək silahlı təcavüz göstərmişlər. Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu işğalçı hərəkət nəticəsində görünməmiş vəhşiliklərə yol verilmiş, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirilmiş, yüzlərlə adam yaralanmışdır. Respublika rəhbərliyi əvvəlcədən xalqa xəyanət yolu tutaraq bu qəsdin qarşısını almaq üçün heç bir əməli tədbir görməmiş, səbatsızlıq göstərmiş, yol verilən cinayətlərin iştirakçısı ola-ola zahirən hadisələrdən kənarda qalmağa çalışmışdır”. Bu tarixi sənəddə 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında Milli Matəm Günü kimi qeyd olunması da öz əksini tapmışdır. 1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atılmış, “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı” qəbul olunmuşdur.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Ümummilli 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunmuşdur. 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsinin xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsi, təqsirkarların məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsi də məhz ümummilli liderimizin təşəbbüsü ilə baş vermişdir.

Bu gün o faciədən 30 il keçir. Ancaq şəhidlərimiz hər an xatırlanır, böyük minnətdarlıqla anılır. Bu gün Azərbaycan həqiqətlərinin dünyaya olduğu kimi çatdırılması üçün bütün imkanlardan istifadə edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirir. Dövlət başçısının  müvafiq fərmanları ilə hər il 20 Yanvar şəhidlərinin ailələrinə, bu terror hadisələrində sağlamlıqlarını itirmiş şəxslərə Prezident təqaüdlərinin təsis edilməsi və ilbəil artırılması bu kateqoriyadan olan insanlara göstərilən dövlət qayğısının bariz ifadəsidir.

Ölkə başçısının 2019-cu il 13 dekabr tarixli “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında”Sərəncamı isə 20 Yanvar hadisələrinin heç vaxt unudulmayacağını, xalqımızın tarixində qəhrəmanlıq və zəfər tarixi kimi yaşayacağının ifadəsidir. Sərəncamda deyilir: “1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: