NUHÇIXAN-ın məlumatına görə, Qətərin nüfuzlu ingilisdilli “The Peninsula” qəzetində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş məqalə dərc edilib.
1990-cı ilin 20 yanvar gününün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğu bildirilən məqalədə sovet ordusunun döyüş bölmələri tərəfindən həyata keçirilmiş cinayətlər qarşısında Azərbaycan xalqının göstərdiyi qətiyyət və iradədən söz açılıb. Məqalədə bildirilib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları qaldırması və buna keçmiş SSRİ hakimiyyəti tərəfindən dəstək verilməsinə hiddətlənərək Bakının küçələrinə və meydanlarına çıxan geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.
Qeyd edilir ki, 20 Yanvar faciəsi zamanı çoxlu günahsız insan qətlə yetirilsə də, bu hadisə Azərbaycan xalqının döyüş ruhu, sarsılmazlığı və əzmini qıra bilməyib. Aparılan mübarizə Azərbaycanın müstəqilliyini əldə etməsinə gətirib çıxarıb.
Məqalədə yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən törədilmiş qırğınlar barədə geniş məlumat verilib. Bildirilib ki, insan hüquqlarının kobud şəkildə pozulması və kütləvi qətllər xalqın mübarizə əzmini boğa bilməyin, əksinə, törədilmiş qəddarlıq əks təsir yaradıb. Yaranan vəziyyət çökməkdə olan imperiyanı qorumaq şansını birdəfəlik aradan qaldırıb, müstəqillik uğrunda milli hərəkatı gücləndirib.
Məqalədə sovet qoşunlarının törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək bəyanatla çıxış etməsi və Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etməsi qeyd olunub. Məqalədə, həmçinin bildirilib ki, 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilib, 1999-cu ildə Heydər Əliyevin Fərmanı ilə faciə qurbanlarına “20 Yanvar Şəhidi” fəxri adı verilib.
Məqalənin sonunda Azərbaycan xalqının 1990-cı il yanvarın 20-də həlak olmuş bütün qəhrəmanları dərin hörmətlə andığı və onları heç vaxt unutmayacağı vurğulanıb. Qeyd edilib ki, hər il yanvar ayının 20-də minlərlə Azərbaycan vətəndaşı Bakının ən yüksək hissəsində salınmış Şəhidlər xiyabanında dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət etmək üçün həmin məkana gedir, Azərbaycanın azadlığı və müstəqilliyi yolunda canlarını fəda etmiş qəhrəmanlara ehtiramlarını bildirirlər.