Küveyt qəzetləri 20 Yanvar faciəsindən yazır - FOTOLAR

A- A A+

Küveytin "Dasmannews" elektron qəzetində, eyni zamanda, “Əl-Nahar” və “Əl-Vasat” qəzetlərində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı məqalələr dərc edilib. Bu barədə NUHÇIXAN-a Azərbaycanın Küveytdəki səfirliyindən məlumat verilib.

Məqalələrdə 1990-cı il yanvar ayının 20-də sovet imperiyası rəhbərlərinin göstərişi ilə xüsusi hərbi birləşmələr və zirehli texnikanın Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir çox rayonlarına yeridildiyi, dinc əhaliyə xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə divan tutulduğu qeyd olunub. Bildirilib ki, həmin gün milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə silahsız insan, o cümlədən yaşlılar, qadınlar və uşaqlar qətlə yetirilib, yaralanıb, itkin düşüb, inzibati binalara, yaşayış evlərinə, nəqliyyat vasitələrinə ciddi ziyan vurulub. SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Təhlükəsizlik Komitəsinin birgə həyata keçirdiyi hərbi əməliyyat nəticəsində bir neçə istiqamətdə Bakıya daxil olan silahlı qoşunların təkcə paytaxtda 140-dan artıq mülki şəxsi amansızcasına öldürdüyü, 700-dən çox insanın yaralandığı, ölçüyəgəlməz dağıntılar törədildiyi barədə məlumat verilib.

Məqalələrdə, həmçinin sovet imperiyasının bu cinayətlə Ermənistanın azğınlaşmış siyasi qüvvələrinə dəstək verdiyi, nəticədə Azərbaycana qarşı uzunmüddətli erməni təcavüzü həyata keçirildiyi, etnik təmizləmə, soyqırımları törədildiyi, torpaqlarımızın 20 faizının zəbt edildiyi, Ermənistan ərazisindən, Dağlıq Qarabağdan və ətraf yeddi rayondan əhalinin zorla qovulduğu, soydaşlarımızın bir milyonunun öz doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkünə çevrildiyi diqqətə çatdırılıb.

Bundan başqa, məqalələrdə erməni təcavüzünü pisləyən və erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən BMT və İƏT tərəfindən bir sıra qətnamələrin qəbul edildiyi bildirilib. Beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına geri qaytarılması üçün ölkəmizin ədalətli mövqeyini dəstəkləməyə çağırışı əks olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: