Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, startap biznesindədirlər, onlar hökumət məsələlərinə fəal cəlb olunublar. Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük.
NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Davos Dünya İqtisadi Forumunda danışıb.
“Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında moderatorun “Ölkənizdə gənclər küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz?” sualını cavablandıran Prezident İlham Əliyev deyib: “Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, onların hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə edib, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməyib. Əslində, onlar yalan danışıblar. Bunun əsas səbəbi isə siyasətçilərin məsuliyyətsizliyidir. Çünki biz təkcə Avropada yox, bir çox ölkələrdə onu müşahidə edirik ki, hökumət hakimiyyətə gəlir və dərhal hökumətin rəhbəri təzyiq altında olur. İnsanlar onu seçir, lakin bir ildən sonra o, ona göstərilən etimadı itirir. Çünki yerinə yetirilməsi mümkün olmayan vədlər verilib. Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır”.
Prezident İlham Əliyev Davos Forumunun tribunasından istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Forum Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platformadır.
Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatına gəlincə, bu, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Təsadüfi deyil ki, Prezidentin Sərəncamı ilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib.
Könüllülük fəaliyyətinin təşviqi məqsədilə Azərbaycan dövləti tərəfindən zəruri addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Azərbaycanda könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib. Ölkəmizdə bir çox könüllü hərəkatları yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb.
Azərbaycan könüllüləri kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları və digər irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində mühüm rol oynayıblar.