Davit Tonoyanın Ermənistan Müdafiə Nazirliyinə rəhbərlik etdiyi dövrdə hərbi hissələrdə qeyri-döyüş şəraitində ölən əsgərlərin sayında durmadan artır.
NUHÇIXAN xəbər verir ki, siyasi analitik Ehtiram Aşırlı jurnalistlərə bildirib ki, köhnə rejim tərəfindən əsası qoyulan bu ənənə - "dedovşina” bu gün də davam edir. Bu da düşmən ordusunda intihar və özünəqəsd hallarının getdikcə artmasına gətirib çıxarır.
Ermənistanın baş naziri Nikol Paşinyanla "Qarabağ” klanı arasında getdikcə dərinləşən qarşıdurma erməni ordusunu tamamilə məhvə sürükləyir. Yanvarın 24-də düşmənin işğalı altında olan ərazilərimizdə erməni əsgərləri arasında baş vermiş silahlı qarşıdurma əminliklə demək olar ki, sonuncu olmayacaq. Son vaxtlar Ermənistan ordusunda əsgərlərin bir-birini odlu silahla qətlə yetirməsi halları tez-tez baş verir. Bütün bunlar xalqdan gizlədilir, ölənlərin və intihar edənlərin sayı barədə dəqiq məlumat verilmir. Xüsusilə də Ermənistan Müdafiə Nazirliyi əsgərlər arasında baş vermiş silahlı qarşıdurmanı qəza hadisəsi kimi təqdim etməyə çalışır. Həmçinin əsgərlərdən birinin digərinə atəş açması nəticəsində baş verən ölüm və ağır yaralanma hallarını ört-basdır etməyə çalışan Ermənistanın Müdafiə Nazirliyi bütün bunların, əsgər ölümünün guya atəşkəsin pozulması nəticəsində baş verdiyi barədə məlumat yayaraq ictimaiyyəti aldadır. Bütün bunlar Ermənistan ordusundakı intizamsızlıq və özbaşınalıqdan xəbər verir.
E.Aşırlı qeyd edib ki, düşmən ordusunda baş verən ölüm hallarına görə bu vaxta qədər heç kəs cəzalandırılmayıb. Eyni zamanda, bunun kökündə işğalçı ölkənin ordusunda əsgər-komandir inamsızlığı, etimadsızlığı və nizamnamədənkənar halların baş verməsi, əsgərlərin yüksək rütbəli zabitlər tərəfindən qul kimi işlədilməsi dayanır. Ona görə də Ermənistanda yerli əhali övladlarını kütləvi surətdə hərbi xidmətdən yayındırmağa çalışır. Valideynlər tərəfindən daxil olan şikayətlərin əksəriyyətini komandirlərin sıravi heyət üzərində zorakılıq hallarının olması, əsgərlərin alçaldılması və döyülməsi faktları təşkil edir. Bu səbəbdən də valideynlər bütün vasitələrlə övladlarını hərbi xidmətdən yayındırır, müxtəlif bəhanələrlə ölkədən çıxarırlar. Statistik məlumatlar da təsdiqləyir ki, son illər ölkəni tərk edənlər arasında gənclər çoxluq təşkil edir. Onların əksəriyyəti hərbi xidmətdən açıq şəkildə imtina edir.
Davit Tonoyanın quruma rəhbərliyindən sonra Ermənistan ordusunda heç nə dəyişməyib. Əksinə, vəziyyət getdikcə pisləşib. Hətta gənc əsgərlərin özünəqəsd hallarının əksəriyyəti Davit Tonoyanın Müdafiə Nazirliyinə rəhbərliyindən sonra baş verdiyini qeyd etmək olar.
Ordudakı özbaşınalıq, müəmmalı əsgər ölümləri Ermənistanda ictimai-siyasi vəziyyəti getdikcə gərginləşdirir. Artıq işğalçı ölkədə etiraz aksiyaları baş qaldırır. Valideynlər bildirirlər ki, N.Paşinyan bu barədə dərindən düşünməli, orduda nizam-intizam yaratmalı, quldurluq hallarına son qoymalıdır. Bu isə mümkün deyil.
Son olaraq onu qeyd edək ki, bu ilin yanvar ayında artıq Ermənistan ordusunda 5 hərbçi ölüb, 10 nəfərədək hərbi qulluqçu isə yaralanıb. Bu statistik rəqəmlər bir daha Ermənistan ordusundakı acınacaqlı vəziyyəti üzü çıxarır.