Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə 2020-2021-ci tədris ili üçün kursant qəbulunun qaydaları açıqlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, hərbi məktəbdə tədris Azərbaycan dilində dörd il olmaqla əyani qaydada aparılır.
Cari ildə ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini bitirmiş və bu il sentyabrın 15-dək 17 yaşı tamam olan, lakin 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18-23 yaşlı kişi cinsli hərbi qulluqçu və hərbi vəzifəlilər qəbul edilirlər.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 162 manat məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarına hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən 30-dək ərizə ilə məktəb rəisinə müraciət etməlidirlər. Müraciət, eləcə də “Təyyarəçilik” ixtisası üzrə daxil olmaq istəyənlər üçün tələb edilən sənədlərin siyahısı Müdafiə Nazirliyinin saytında yerləşdirilib.
Namizədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən müraciət etmiş şəxsə bildirilir.
Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasında müayinədən Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər.
Müraciət edən şəxslərin məhkumluğu barədə arayışın alınması Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin sorğusuna əsasən Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilir.
Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər. Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanı (Azərbaycan dili, riyaziyyat, xarici dil) fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun (riyaziyyat, fizika, kimya) fənləri üzrə Azərbaycan dilində keçirilir.
Namizədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının nəticələri əsasında qəbul edilirlər.
Təhsil haqqında sənəd təqdim etməyən namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarına buraxılmırlar.
Sənədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış komissiya tərəfindən qəbul olunur (ünvan: Bakı şəhəri, Admiral Naximov küçəsi, 18. Əlaqə telefonu: 479-78-40).
Naxçıvan Muxtar Respublikasında yaşayanlar sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 544-00-15, 544-00-16).
Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunduqdan sonra əlavə olaraq bildiriləcək.