Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə hərbi həkim işi ixtisası üzrə 2020-2021-ci tədris ili üçün qəbul qaydaları açıqlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, hərbi həkim işi ixtisası üzrə tədris Azərbaycan dilində, altı il olmaqla əyani aparılır.
Fakültəyə sentyabrın 15-dək 16 yaşı tamam olan və 23 yaşadək ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini bitirmiş Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilir.
Hərbi həkim işi ixtisası üzrə hərbi tibb fakültəsinə qəbul olmaq istəyən namizədlər 2020-ci il aprelin 1-dən 30-dək ərizə ilə fakültə rəisinə müraciət etməlidirlər. Müraciət üçün tələb olunan sənədlərin siyahısı Müdafiə Nazirliyinin saytında yerləşdirilib.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir.
Namizədlər hər hansı səbəbdən hərbi tibb fakültəsində təhsil almaqdan imtina etdikləri halda Azərbaycan Tibb Universitetindən xaric olunmaları barədə öhdəlik götürürlər.
Namizədlər yaradılmış hərbi həkim komissiyasında müayinədən keçməlidirlər.
Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasında müayinədən Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər.
Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.
Hərbi həkim işi ixtisası üzrə hərbi tibb fakültəsinə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasında müayinədən müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.
Müraciət edən şəxslərin məhkumluğu barədə arayışın alınması fakültə rəisinin sorğusuna əsasən Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilir.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər. Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanı (Azərbaycan dili, riyaziyyat, xarici dil) fənləri üzrə, ikinci mərhələdə isə IV ixtisas qrupunun (biologiya, kimya, fizika) fənləri üzrə Azərbaycan dilində keçirilir.
Namizədlər hərbi tibb fakültəsinə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının nəticələri əsasında qəbul edilirlər.
Hərbi tibb fakültəsinə qəbul olmuş şəxslər dördüncü kursadək Azərbaycan Tibb Universitetində, son iki ili isə hərbi andı qəbul edərək hərbi tibb fakültəsində təhsil alır və bütün növ təminatlarla təmin edilirlər.
Hərbi tibb fakültəsinə qəbul olmuş şəxslər təhsil müddətində dördüncü kursadək ayda 75 manat, son iki ili isə ayda 181 manat məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir.
Sənədlər Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsində yaradılmış komissiya tərəfindən qəbul olunur (ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 431-39-73).
Naxçıvan Muxtar Respublikasında yaşayanlar sənədlərini Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 544-00-15, 544-00-16).
Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunduqdan sonra əlavə olaraq bildiriləcək.