Avropa Azərbaycanlıları Konqresi Niderlandın paytaxtı Amsterdam şəhərindəki “Mini Mix” supermarketində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən “Artsax Frut” məhsullarının satışının həyata keçirildiyini aşkar edib.
NUHÇIXAN xəbər verir ki, Konqres Niderlandın Xarici İşlər Nazirliyinə, həmçinin Vergilər və Gömrük Administrasiyasına bu məhsulların ölkədə qanunsuz satışının dayandırılması ilə bağlı müraciət ünvanlayıb.
Müraciətdə deyilir ki, qondarma “Artsax Respublikası” Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılıb və heç bir dövlət tərəfindən tanınmır. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Qondarma respublikanın Niderlanda məhsul ixracı isə beynəlxalq hüquqa ziddir.
Qeyd edək ki, Avropa Azərbaycanlıları Konqresi Azərbaycanın Haaqadakı səfirliyini məsələ ilə bağlı məlumatlandırıb. Səfirlik bu məsələni diqqətdə saxlayır və bununla bağlı tədbirlər planı həyata keçirir.