Oqtay Bədəlov: Ermənistan rəhbərliyinin Su-30 təyyarələri ilə bağlı fikirləri ordunun nüfuzunun qaldırılmasına hesablanıb
Yanvarın 27-də Əlcəzairin şimal-şərqindəki Umm əl-Buaqi vilayətində Rusiya istehsalı olan Su-30SM qırıcı təyyarəsinin naməlum səbəbdən qəzaya uğraması barədə xəbər bu tipli aviasiya vasitələrinin təhlükəsizliyinin şübhə doğurduğu barədə mülahizələri növbəti dəfə gündəmə gətirdi. KİV-də yayılan məlumata görə, qırıcı təyyarənin hər iki pilotu katapult edə bilmədən həlak olublar. Ermənistanın Rusiyadan əldə etdiyi Su-30 nəslindən olan qırıcı təyyarələrin müxtəlif modifikasiyalarının qəzaya uğraması barədə bu günə kimi iyirmidən artıq statistik məlumat var.
NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş imkanlarının hesablanması üzrə mütəxəssisi, ehtiyatda olan polkovnik Oqtay Bədəlov AZƏRTAC-a açıqlamasında bildirib.
O.Bədəlov qeyd edib ki, Su-30 qırıcılarının qəzaya uğraması hallarının artmasından əlavə, onların döyüş keyfiyyətlərinin köhnəliyi və müasir standartlara cavab verməməsi də diqqət çəkir: “Maraqlı bir faktı açıqlayım. Məsələn, keçən əsrin 90-cı illərindən Su-30MKİ qırıcıları Hindistan HHQ-nin silahlanmasında əsas yerlərdən birini tutur. Hindistanda Su-30MKİ qırıcılarının iştirakı ilə baş verən aviasiya qəzaları və insidentlərin 10 faizindən çoxu məhz bu tip təyyarələrin quş sürüsü ilə toqquşması nəticəsində baş verib. Müasir dövrdə baş verən silahlı münaqişələrdə istifadəsi çətin və təhlükələrə qarşı perspektivsiz olan Su-30 təyyarələrinin istismarı çox baha başa gəlir. Belə ki, bu təyyarələrin bir saatlıq uçuşuna sərf olunan məbləğ təqribən 50 min ABŞ dollarından artıqdır. Manevr imkanlarının məhdud və istismarının bahalı olması cari ilin martından “Hindustan Aeronautics” şirkətinin bu tip təyyarələrin istehsalını dayandırması barədə qərar qəbul etməsinə səbəb olub.
Bundan başqa, Malayziya Hərbi Hava Qüvvələrinin silahlanmasındakı Su-30 tipli 28 təyyarədən yalnız 4-ü döyüş qabiliyyətlidir. Digərləri isə bərpa məqsədilə uzun müddətdir təmir zavodlarında saxlanılır”.
Ekspertin fikrincə, bu günə qədər baş vermiş qəzalar bir daha göstərir ki, Ermənistanın ağız dolusu danışdığı Su-30 qırıcı təyyarələri heç də şişirdiləcək qədər döyüş imkanlarına malik deyil. Bu səbəbdən Su-30 təyyarələri ilə bağlı Ermənistan hərbi-siyasi rəhbərliyinin səsləndirdiyi fikirlər erməni ictimaiyyətində mənəvi-psixoloji baxımdan tamamilə çökmüş ordunun nüfuzunun artırılması istiqamətində atılan addım olaraq qiymətləndirilməlidir.