ATƏT Parlament Assambleyasının (ATƏT PA) 19-cu qış sessiyası fevralın 20-21-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
NUHÇIXAN təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, sessiyanın açılışında ənənəyə sadiq olaraq, Avstriya Parlamentinin sədri Volfqanq Sobotka, ATƏT-ə hazırda sədrlik edən Albaniyanın rəsmi nümayəndəsi, ATƏT PA-nın prezidenti Georgi Tsereteli və ATƏT-in Baş katibi çıxış edəcəklər.
Təşkilatın hər üç əsas komissiyasının birgə iclasında isə antisemitizm, uzunmüddətli münaqişələr, insan haqları ilə bağlı əməkdaşlıq və iqlim dəyişikliyi sessiyanın gündəliyində əsas mövzular kimi yer alacaq. Eləcə də sessiyada Ukrayna, Belarus, Özbəkistan və Azərbaycanda keçirilən seçkilərdə iştirak etmiş müşahidə missiyalarının hesabatları dinləniləcək, müzakirələr aparılacaq.
ATƏT-ə üzv olan 57 ölkənin 300-dək parlamentarisinin iştirak etdiyi sessiyada ölkəmizi Milli Məclisin üzvlərindən ibarət nümayəndə heyəti təmsil edəcək.